Rektorluğun vəzifələri
- Universitetin struktur bölmələrini Elmi Şuranın qəbul etdiyi qərarlara
əsasən formalaşdırır;
- Hazırlanan ixtisaslara uyğun olaraq ümumfənn və buraxılış kafedralarını
formalaşdırır;
- Normativ sənədlərin icrası üzərində nəzarəti təşkil edir;
- Universitetdə qəbul olunmuş qərarların və verilmiş əmrlərin icrasını
təşkil edir;
- Kafedra və dekanlıqlarda tədrisin gedişatını özündə əks etdirən sənədlərin
vaxtında və tələb olunan səviyyədə tərtib olunması üzərində nəzarət edir;
- Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlərin hazırlanması və
icrası üzərində nəzarəti təşkil edir;
- Müvafiq nazirlik, komitə və təşkilatlardan daxil olan tövsiyə və
təkliflərin icrasını təşkil edir;
- Vətəndaşların qəbulu və onların ərizə və şikayətlərinə baxır;
- Məzunların işlə təmin olunmasına əməli köməklik göstərir.
Rektorluğun nümayəndələri
İBAD MUSA OĞLU ABBASOV
iqtisad elmləri doktoru, professor,
Bakı Biznes Universitetinin təsisçisi və rektoru
İbad
Musa oğlu Abbasov 1953-cü ildə müəllim ailəsində anadan olmuşdur. O, 1971-ci
ildə Azərbaycan Respublikası Ağcabədi 1 saylı şəhər orta məktəbini bitirdikdən
sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1974-cü ildə ordu
sıralarından tərxis edilmiş və həmin il Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
«Uçot-iqtisad» fakültəsinə daxil olmuş və 1978-ci ildə həmin institutu
bitirmişdir. İbad Musa oğlu Abbasov 1978-ci ildən 1993-cü ilədək bir sıra məsul
vəzifələrdə çalışmış və sıravi mühasiblikdən baş direktor vəzifəsinədək
yüksəlmişdir. 1988-ci ildə Sankt-Peterburq şəhərində namizədlik, 2001-ci ildə
isə doktorluq dissertasiyaları müdafiə etmiş və iqtisad elimləri doktoru elmi
dərəcəsini almışdır.
İbad Musa oğlu Abbasova 1993-cü ildə elm və təhsildəki nailiyyətlərinə görə «Mühasibat
uçotu və audit» ixtisası üzrə professor elmi adı verilmişdir.
Professor İbad Musa oğlu Abbasov bazar iqtisadiyyatı münasibətləri şəraitində
iqtisadçı kadr hazırlığına olan tələbatı nəzərə alaraq 1992-ci ildə Bakı Biznes
Universitetini təsis etmiş və həmin dövrdən də onun təsisçisi, rektorudur.
İbad Musa oğlu Abbasovun Respublikamızda iqtisad elminin və xüsusilə auditin
elmi-praktiki inkişafında xüsusi xidməti vardır. O, bu sahədə ümumilikdə 150 çap
vərəqi həcmində elmi əsərlərin , o cümlədən 4 monoqrafiyanın, 4 tədris-metodik
vəsaitin və 2 dərsliyin müəllifidir. Onun 35-ə yaxın elmi məqaləsi və əsərləri
xarici ölkələrdə nəşr edilmişdir. Respublikamızda və MDB ölkələrində böyük
nüfuza malik olan elmi-praktiki «Audit» jurnalının təsisçisi və baş redaktorudur.
İbad Musa oğlu Abbasovun Respublikamızda iqtisadçı kadrların hazırlığında böyuk
əməyi vardır. Bu xidmətinə görə o, 1996-cı ildə Yusif Məmmədəliyev adına xüsusi
mükafata və 2003-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri
Fərmanı ilə təltif edilmişdir. O, eyni zamanda ölkənin içtimai-siyasi həyatında
yaxından iştirak edir və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının
idarə heyətinin üzvüdür.
AĞASƏLİM KƏRİM OĞLU ƏLƏSGƏROV
Azərbaycan MEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor,
elmi işlər üzrə prorektor
Ağasəlim
Kərim oğlu Ələsgərov 1928-ci ildə anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunu bitirmiş və Mərkəzi Plan Təşkilatlarında müxtəlif rəhbər
vəzifələrdə çalışmışdır. 1953-cü ildə respublikanın direktiv orqanları
tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universitetində “Siyasi iqtisad”,
“Fəlsəfə” və “Tarix” müəllimləri hazırlayan xüsusi məktəbə göndərilmişdir.
“Siyasi-iqtisad“ ixtisası üzrə məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra
1954-1955-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun
“Siyasi-iqtisad“ kafedrasında müəllim işləmiş və 1955-ci ildə SSRİ EA-nın
İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. O, 1957-ci ildə
namizədlik, 1968-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 1969-cu
ildə professor elmi adına layiq görülmüşdür. 1989-cu ildə Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü seçilmişdir.
Ağasəlim Kərim oğlu Ələsgərov respublikanın rəhbərliyi tərəfindən 1974-cü ildə
D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna elmi işlər üzrə prorektor
vəzifəsinə təsdiq edilmiş və 1978-ci ildə direktiv orqanların icazəsi ilə
Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna müsabiqə yolu ilə şöbə
müdiri vəzifəsinə keçmişdir. Onun elmi-təşkilatçılıq fəaliyyətinin əsas hissəsi
AMEA-nın İqtisadiyyat İnstitutu ilə bağlıdır. O, 1981-ci ildə həmin İnstitutun
direktor müavini, 1989-1999-cu illərdə direktor vəzifəsində çalışmışdır. 1993-cü
ildən hazırkı dövrə qədər əvəzçiliklə Bakı Biznes Universitetinin elmi işlər
üzrə prorektoru vəzifəsində işləyir.
Professor 320 çap vərəqəsi həcmində 206 elmi əsərin, o cümlədən 20 monoqrafiya,
kitabça, dərs və metodik vəsaitin, elmi məqalələrin və tezislərin müəllifidir.
Onun elmi əsərləri Rusiya, ABŞ, İngiltərə, Almaniya, Slovakiya, İran, Türkiyə və
digər ölkələrdə çap olunmuşdur. Alimin elmi rəhbərliyi ilə 35 namizədlik və 3
doktorluq dissertasiyası müdafiə edilmişdir.
Son 50 ildə o, digər müəlliflər ilə birlikdə elmi-tədqiqat işlərinin
nəticələrini 60-dan çox təhriri məruzə, tövsiyə və digər müvafiq təşkilatlara
təqdim etmişdir. Ölkənin Milli Məclisində baxılmaq üçün qanun layihələrinin
hazırlanmasında yaxından iştirak etmişdir.
Ağasəlim Kərim oğlu Ələsgərovun əmək fəaliyyəti dövlət tərəfindən
qiymətləndirilmişdir, bir sıra medal və fəxri fərmanlarla təltif edilmişdir.
RAHİM FƏRAHİM OĞLU SADIQOV iqtisad elmləri namizədi
dosent,
tədris işləri üzrə prorektor
Rahim
Fərahim oğlu Sadıqov 1972-ci ildə anadan olmuşdur. 1989-cu ildə Masallı şəhər 1
saylı orta məktəbini bitirmişdir. Rahim Fərahim oğlu Sadıqov həmin ildə
Azərbaycan Neft-Kimya İnstitutunda məktəblilər arasında keçirilən ümumrespublika
riyaziyyat olimpiadasında I dərəcəli diploma layiq görülmüşdür. O, 1989-cu ildə
Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialına (indiki Azərbaycan Dövlət
İqtisad Universitetinə) daxil olmuşdur və 1994-cü ildə oranı bitirmişdir.
1995-ci ildə Binəqədi rayon Vergilər İdarəsində böyük dövlət vergi müfəttişi
vəzifəsinə təyin olunmuşdu. 1999-cu ilə qədər şöbə rəisi vəzifəsində
çalışmışdır. 2000-ci ildə Naxçıvan Universitetində tədris hissəsinin müdiri kimi
çalışmış, 2002-ci ildə “Firmadaxili planlaşdırmanın formalaşdırılması və
təkmilləşdirilməsi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə
etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ildən
2006-cı ilədək Bakı Biznes Universitetində dekan müavini və dekan vəzifəsində
çalışmış, 2006-cı ildən 2009-cu ilədək Azərbaycan Universitetində tədris
hissəsinin müdiri kimi fəaliyyət göstərmişdir. 2009-cu ilin sentyabr ayından
etibarən Bakı Biznes Universitetinin tədris işləri üzrə prorektorudur.
Rahim Fərahim oğlu Sadıqov 50 elmi məqalənin, 9 kitabın müəllifidir və doktorluq
dissertasiyası üzərində çalışır. Tədqiqat işlərini Rusiya, Türkiyə, Tayland,
Malayziya və başqa ölkələrin ali məktəblərində aparmışdır.
SABİR ABUZƏR OGLU ƏMİRXANOV
pedaqoji elmlər namizədi, dosent,
tərbiyə işləri üzrə prorektor,
«Humanitar fənlər» kafedrasının müdiri
Sabir
Abuzər oglu Əmirxanov 1949-cu ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan
Dövlət İncəsənət İnstitutunun «Mədəni-maarif işi» fakültəsini bitirmişdir.
1976-1979-cu illərdə Respublika Mədəniyyət Nazirliyinin «Mədəni-maarif işləri»
idarəsində baş metodisti, 1980-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət
İnstitutunda müəllim, 1990-1998-ci illərdə isə həmin institutda tədris hissə
müdiri, «Sənətşünaslıq» fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır.
1999-cu ildən Bakı Biznes Universitetində tərbiyə işləri üzrə prorektor və «Humanitar
fənlər» kafedrasının müdiri vəzifələrində çalışır.
1997-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və pedaqoji elmlər
namizədi alimlik dərəcəsi almışdır.
Sabir Abuzər oglu Əmirxanov 90-dan çox elmi əsərin, o cümlədən 7 dərslik və dərs
vəsaiti, 6 monoqrafiyanın, 16 tədris proqramının, 16 tədris-metodik vəsaitin və
tövsiyələrin, 90-dan artıq məqalə və tezislərin müəllifidir. Ümumiyyətlə, onun
170 çap vərəqindən artıq elmi əsərləri nəşr olunmuşdur. 2002-ci ildə ali
məktəblər üçün nəşr edilmiş «Muzeyşünaslıq», 2004-cü ildə isə «Tətbiqi
kulturologiya», 2008-ci ildə «Dünya muzeyləri və tarixi mədəniyyət abidələri»
dərsliklərinin müəlliflərindən biridir. Hazırda doktorluq dissertasiyası
tamamlanmaq üzrədir.
2001-ci ildən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı H. Zərdabi 88a (BBU)
ərazi ilk partiya təşkilatının sədridir..
İKRAM KƏRİM OĞLU AĞASİYEV
tarix elmləri namizədi, dosent,
BBU Elmi Şurasının elmi katibi
İkram
Kərim oğlu Ağasiyev 1963-cü ildə anadan olmuşdur. 1988-ci ildə Volin Dövlət
Universitetinin (Ukrayna Respublikası) «Tarix» fakültəsini fərqlənmə diplomu ilə
bitirmiş, 1988-1992-ci illərdə Volin Tarix Muzeyində baş elmi işçi vəzifəsində
işləmişdir. 1992-1995-ci illərdə Volin Dövlət Universitetinin aspirantı olmuşdur.
Aspiranturanı müvəffəqiyyətlə başa vurduqdan sonra Krasnoyarsk Dövlət Pedaqoji
Universitetində işləmiş, 1999-cu ildə namizədlik dissertasiyasını müdafiə
etmişdir və tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
2003-cü ilin əvvəllərində daimi olaraq Azərbaycana qayıdan İkram Kərim oğlu
Ağasiyev AMEA-nın Tarix İnstitutunda böyük elmi işçi vəzifəsində işləmiş və
2003-cü ilin sentyabrından Bakı Biznes Universitetinin «Humanitar fənlər»
kafedrasında dosent vəzifəsində çalışır. Bununla yanaşı o, Universitetin Elmi
katibi vəzifəsini də yerinə yetirir.
İkram Kərim oğlu Ağasiyev pedaqoji fəaliyyətlə yanaşı geniş elmi fəaliyyətini də
davam etdirir. 1989-cu ildən postsovet məkanında mövcud olmuş alman
koloniyalarının tarixini tədqiq edən gənc alim bu günə qədər alman əhalisinin
tarixinə həsr olunmuş 30 elmi işin müəllifidir ki, onların ümumi həcmi 40 çap
vərəqidir. Elmi əsərlərinin əksəriyyəti xaricdə - Ukraynada, Rusiyada çap
olunmuşdur və bu əsərlər həm Rusiya, həm də Cənubi Qafqaz almanlarının tarixinə
həsr edilmişdir.
Hazırda tədqiqatçı doktorluq dissertasiyası üzərində çalışır. |