Ana səhifə > Beynəlxalq əlaqələr > Beynəlxalq əlaqələr şöbəsi

Beynəlxalq əlaqələr şöbəsi

   

Bakı Biznes Universiteti fəaliyyət göstərdiyi qısa zaman ərzində dünyanın bir çox qabaqcıl elm və təhsil mərkəzləri ilə sıx işgüzar əlaqələr yaratmışdır. Bakı Biznes Universitetinin «Beynəlxalq əlaqələr» şöbəsi fəaliyyətinə 2004-cü il aprel ayında başlamışdır. Şöbənin əsas məqsədi Bakı Biznes Universitetinin beynəlxalq imicinin formalaşması və beynəlxalq nüfuzunun artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmək, tələbələrin dünyanın və Avropanın ən qabaqcıl Universitetlərində təhsil almalarına yardımçı olmaqdır. Bundan başqa yeni əməkdaşlıq formalarının qurulması (yerli və xarici elm müəssisələri, təşkilatlar və s.) aktual məsələlərə həsr olunan layihələrin hazırlanması, müxtəlif beynəlxalq konfransların, simpoziumların, seminarların, görüşlərin və digər mədəni-elmi tədbirlərin təşkil olunması istiqamətində real addımlar atılmış və gələcəkdə bu işlərin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

   

Bakı Biznes Universitetinin rəhbərliyi tez-tez xarici ölkələrin inkişaf etmiş ali məktəblərinin professor-müəllim heyəti ilə görüşlər keçirir. Universitet Avropanın 15-dən çox ölkəsi və 20-dən artıq Universiteti ilə  Erasmus+, ikili diplom və digər proqramlar çərçivəsində tələbə və müəllim mübadiləsini həyata keçirir. Bundan başqa Bakı Biznes Universiteti qardaş Türkiyənin ən qabaqcıl ali təhsil müəssissələri ilə Mövlanə proqramı və Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Bakı Biznes Universitetinin professor və müəllim heyəti dünyanın bir çox qabaqcıl universitetlərində keçirilən beynəlxalq konfranslarda çıxış etmişlər. Azərbaycanda olan ABŞ, İngiltərə, Almaniya və Türkiyə şirkətləri ilə təqdimat xarakterli görüşlər də Bakı Biznes Universitetində keçirilmişdir. Beynəlxalq təşkilatların nümayəndələri, görkəmli elm xadimləri və biznesmenlər Universitetdə tez-tez tədbirlərdə iştirak edirlər. ABŞ, İngiltərə. Rusiya Federasiyasından, Polşa, Rumıniya, Yunanıstan, Litva, Bolqarıstan və digər ölkələrdən  olan məşhur professorlar Universitetin tələbələri qarşısında iqtisadiyyatın müxtəlif sahələrindən bəhs edən mühazirələrlə çıxış etmişlər.

      

«Beynəlxalq əlaqələr» şöbəsi xarici ölkələrdə təhsil sahəsində fəaliyyət göstərən tanınmış universitetlərlə əlaqələr yaratmaq məqsədi ilə həmin ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri və nümayəndəlikləri ilə sıx əməkdaşlıq edir. Bu istiqamətdə ABŞ, Fransa, Rusiya, Yunanistan, Türkiyə, Rumıniya, Litva, Latviya, Estoniya, Polşa, İspaniya, Almaniya, Italiya, Gürcüstan və digər ölkələrin tanınmış universitetləri ilə əməkdaşlıq haqda müqavilələr imzalanmış, bəziləri ilə isə imzalanmaq ərəfəsindədir. Müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri (akademiya, universitet, institut, elmi-tədqiqat institutları, mərkəzlər, forumlar və s.) ilə əldə edilmiş əməkdaşlıq haqqında razılığa əsasən tələbə, magistr, doktorant, müəllim mübadiləsi, habelə əməkdaşlığın digər formalarının təşkili ilə bağlı ikitərəfli və çoxtərəfli müqavilə, saziş və memorandumların hazırlanması və reallaşdırılması həyata keçirilir.

EŞQİN ƏLİ OĞLU BAYRAMOV

iqtisad üzrə fəlsəfə doktoru,
Beynəlxalq əlaqələr üzrə prorektor

Əlaqə: [email protected]