Bakı Biznes Universitetində Bilik Fondu tərəfindən “Kitabi Dədə Qorqud”la bağlı tədbir keçirilmişdir

01 dekabr 2015-ci il tarixində Bakı Biznes Universitetinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən “Kitabi Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə həmçinin Yasamal rayonunun orta məktəblərinin bir qrup şagirdləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, i.e.d., prof. İbad Abbasov Azərbaycanda elmə, təhsilə, mədəniyyətə daim böyük önəm verildiyini bildirmişdir. O, Bilik Fondunun  həyata keçirdiyi layihələrin, ölkə əhalisinin bütün sahələrdə maarifləndirilməsində Fondun gördüyü işlərin əhəmiyyətini vurğulamış, Qorqudşünaslığın 200 illiyi ilə bağlı ölkə daxilində və xaricdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Bilik Fondunun fəaliyyəti barədə tədbir iştirakçilarina ətraflı məlumat verən icraçı direktor Oktay Səmədov “Kitabi Dədə Qorqud” dastanının xalqımızın mənəvi sərvəti olduğunu qeyd etmişdir.

Daha sonra Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu öz maraqlı çıxışları ilə “Kitabi Dədə Qorqud” dastanı haqqında geniş məlumat vermişlər, onun dünya folklorunda və dastanşünaslığında tutduğu yerdən bəhs etmişlər. Professor-müəllim heyəti və tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.