Bakı Biznes Universitetində “20 yanvar” faciəsinin 27-ci ildönümü qeyd olundu

Yanvarın 17-də Bakı Biznes Universitetinin konfrans zalında Universitetimizin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov Azərbaycan xalqının mübarizə tarixində ən şanlı səhifələrdən olan Qanlı Yanvar faciəsini insanlığa qarşı törədilmiş qatı cinayət adlandırdı. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən, günahsız insanların müxtəlif silahlarla qətlə yetirilməsindən söhbət açaraq, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını qeyd etdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, h.e.d., prof. İ.V.Vəliyev 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verdi, xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş faciənin ağır nəticələrindən danışdı.

Daha sonra qeyd edildi ki, xalqımızın yaddaşında əbədi qalacaq 20 Yanvar şəhidlərinin qanı ilə Azərbaycanın müstəqilliyinə doğru yol açılıb. Faciədən bir gün sonra Ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazla dolu bəyanat səsləndirmişdir.

Qeyd edildi ki, bu faciə xalqımızın həyatında və yaddaşında dərin iz qoyub. Həmin gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib.

Sonda tələbələrimiz 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim etdilər.