Bakı Biznes Universitetində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilmişdir

Fevral ayının 24-də Bakı Biznes Universitetinin konfrans zalında Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş anım keçirilmişdir. Tədbirdə bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir. Daha sonra Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov Xocalı soyqırımı hadisələrindən bəhs etmiş, bu dəhşətləri törədənlərə öz dərin nifrətini bildirmişdir. Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Universitetin kitabxanasında 22-24 fevral tarixlərində Xocalı soyqırımı dəhşətlərini əks etdirən sərgi-guşə təşkil edilmişdir. 24 fevral tarixində isə “Dillər” kafedrası tərəfindən tələbələr arasında Xocalı soyqırımına həsr edilmiş inşa-yazı müsabiqəsi keçirilmişdir.

Fevralın 26-da Bakı Biznes Universitetinin idman zalında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Vin Çun Kunqfu” idman növü üzrə 12 komanda və 190-ə qədər idmançının iştirakı ilə Respublika Kuboku keçirilmişdir. Qaliblərə medal və fəxri diplomlar təqdim olunub.

Eyni zamanda fevralın 26-da çoxsaylı professor-müəllim və tələbə heyəti “Ana fəryadı” abidəsi önündə əklilqoyma mərasimində iştirak etmişdir.