Məzun – 2016

Ənənəvi olaraq cari ildə də iyunun 29-da Bakı Biznes Universitetində “Məzun günü” keçirilmişdir. “Məzun – 2016” buraxılış günü çərçivəsində universitetdə iş axtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə “Karyerada ilk addım” mövzusunda əmək yarmarkası təşkil edilmişdir. Universitetin tələbə və məzunları əmək yarmarkasında təqdim olunan iş yerləri ilə maraqlanmışlar. Tədbirdə iştirak edən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Bakı Biznes Universitetinin rəhbərliyi əmək yarmarkası ilə tanış olmuş, bu cür fəal məşğulluq tədbirləri ilə bağlı tələbə və məzunların rəy və təkliflərini öyrənmişlər. Yarmarkada Bakı şəhəri üzrə 48 müəssisədən 240 vakant iş yerinin təqdim edilmişdir.

Daha sonra “Məzun – 2016” buraxılış tədbirində universitetin rektoru, professor İbad Abbasov məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulamışdır. O, bu il BBU-dan məzun olan 210 gəncin universitetdə aldıqları biliklərin sayəsində uğur qazanacağına, ölkəmizin inkişafına töhfələr verəcəyinə əminliyini bildirmişdir. Tədbirdə 2016-2017-ci tədris ili müddətində Avropa Şurasının “Erasmus+” proqramı ilə Avropanın nüfuzlu universitetlərində elmi-tədqiqat işi aparacaq bir qrup doktorant, magistr və bakalavrlara dəvət məktubları təqdim olunmuş, Respublika müsabiqə və turnirlərində qalib olan tələbələrə hədiyyələr və diplomlar təqdim edilmişdir.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilmişdir.