Ana səhifə > Tədris > Tədrisin təşkili

Tədrisin təşkili

 

Baki Biznes Universitetində tədris işləri müvafiq standartlara və normativlərə uyğun təşkil edilir. Rəqabətə davam gətirmək və ölkəmizi bazar iqtisadiyyatının tələblərinə cavab verən yüksək ixtisasli iqtisadçı kadrlarla təmin etmək məqsədi ilə universitetdə tədris işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin ali təhsilin bakalavr və magistratura pillələri üzrə qüvvədə olan qanun və əsasnamələrinə və habelə universitetin nizamnaməsinə və digər normativ aktların tələbinə uyğun olaraq aparilir.

Bakalavr və magistr hazırlığı üzrə tədris prosesi Universitetdə əyani və qiyabi şöbələrdə 2 fakültə və 8 kafedra vasitəsi ilə aparılır.

Yeni keyfiyyət və yüksək ixtisaslı kadrlar hazirlamaq üçün universitetdə zəruri şərait yaradılmışdır. Belə ki, yüksək ixtisaslı kadrlar hazirlamağın əsas tələbi maddi-texniki bazanin yaradılmasi və yüksək intellektual potensiala malik professor-müəllim heyətinin mövcudluğudur. Kafedralarda nomenklatura fənləri üzrə dərslər, metodik işlərin yüksək səviyyədə həyata keçirilməsinin təşkili, ixtisas profili üzrə elmi-tədqiqatların aparılmasi, pedaqoji kadrların hazirlanması kimi tədbirlər həyata keçirilir. Kafedraların fəaliyyəti mövcud hüquqi-normativ sənədlərlə tənzimlənir. Bu sənədlərə əsasən magistratura və aspiranturada elmi-pedaqoji kadrlar hazırlanır, kafedralarda iş planı tərtib edilir, akademik dərs yükləri qruplar və müəllimlər üzrə bölüşdürülür, müəllimlərin fərdi iş planları, təqvim-tematik planları, nümunəvi mühazirə və məşğələlərin keçirilməsi cədvəli, dərs və imtahan müddətləri müəyyənləşdirilir, referatların, magistrlərin dissertasiya mövzuları təsdiq edilir. Hər bir müəllim üçün cari-metodiki iş planları tərtib edilir. İş planına uyğun olaraq qoyulmuş məsələlərin həlli hər ay müzakirə olunur. Tədris və təqvim ilinin sonunda professor-müəllim heyətinin hesabatları müzakirə olunur və qiymətləndirilir.

Universitetdə tədrisin gedişatı və keyfiyyətinin yüksəldilməsi baxımından təlim-tərbiyə, imtahan prosesinin gedişi və sair məsələlər mütəmadi olaraq təkmilləşdirilir. Tədrisin keyfiyyətinin yüksəldilməsinin mühüm tərkib hissələrindən biri cari imtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemə keçirilməsidir. Bakı Biznes Universiteti 1999-cu ildən etibarən bütün ixtisaslarda cari imtahanların qəbulunun yeni sisteminə keçmişdir. Bununla əlaqədar olaraq «Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında əsasnamə» hazırlanmış və tədrislə məşğul olan bütün bölmələrə paylanmışdır.

  

Tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsinin ən mühüm üstünlüklərindən biri də ondan ibarətdir ki, semestr ərzində tələbə özünün dərsə davamiyyəti və dərs mənimsəməsi üzərində nəzarət etmə imkanına malik olur. Tədrisin keyfiyyətinə müsbət təsir edən və tələbələri daha yüksək bilik əldə etməyə sövq edən vasitələrdən biri də imtahanların çoxballı sistemlə keçirilməsidir.

Çoxballı sistemin tətbiqinə və aparilma qaydasına dair «Tələbənin yaddaş kitabçası» çap edilmişdir. Bu yaddaş kitabçası cari imtahanların gedişi və qəbulu qaydalarını milli mentalitetimizi saxlamaq şərti ilə dünya standartlarına uyğunlaşdırılması baxımından hər il təkmilləşdirilir və yeniləşdirilir.

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən göründüyü kimi ali təhsil müəssisələrində istifadə olunan tədris formalarından biri də «Kreditli tədris sistemidir». Bu sistem fənn bitirmə prinsipinə əsaslanır. Son 100 il ərzində bizə məlum olan və dünyanın bir sıra ölkələrində tətbiq edilən kurs bitirmə sistemindən fənnkeçməyə, başqa sözlə desək fənnbitirməyə əsaslanır. Fənnbitirməyə əsaslanan bu sistem Amerika sistemi kimi tanınır və kurs bitirmə sisteminə alternativ təşkil edir. Türkiyədə isə 1957-58-ci tədris ilində Ərzurumda yerləşən Atatürk Universitetində tətbiq olunmağa başlanmışdır. 1981-ci ildən etibarən kreditli sistem Türkiyənin bütün Universitetlərində tətbiq olunmağa başlanmışdır.

2005-ci ilin may ayının 19-da Norveçin Bergen şəhərində keçirilən konfransda bizim də Respublikamız Boloniya prosesinə qoşulmuşdur. Bu prosesin əsas tələblərindən biri də ali təhsil müəssisələrində kredit sisteminin tətbiqidir. Bununla əlaqədar olaraq kredit sistemin tətbiqinə dair Azərbaycan Respublikası Təhsil Nazirinin 14 dekabr 2005-ci il tarixli əmri ilə «Ali Təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili barədə nümunəvi əsasnaməsi»nin layihəsi təsdiq edilmişdir. Bu əsasnamənin əsas prinsip və tələbləri nəzərə alınaraq kredit sisteminin tətbiqi üzrə yaradılmış komissiya tərəfindən tədrisin kredit üsuluna keçirilməsinə dair universitetdaxili əsasnamə işlənib hazırlanmışdır. Universitetdaxili əsasnamədə kredit sisteminin mövcud tədris formalarından fərqli xüsusiyyətləri, təhsilin kursbitirmə sisteminə alternativ forma hesab olunan fənnbitirmənin əsas mahiyyəti, tədris planlarının tərtibi və istifadəsinin fərqli cəhətləri, tədrisin təşkili, prosesinin və tələbələrin biliyinin qiymətləndirilməsinin müxtəlifliyi və s. kənarlaşmalar öz əksini tapmışdır.

  

 

Kredit sistemi əsasında təşkil edilən tədris prosesinin əsas fərqləndirici xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

  • hər bir tələbənin fərdi tədris planı olmalı və bu planın tərtibində tələbə iştirak etməlidir;
  • tələbə fənn və müəllim seçimində müstəqil olmalıdır;
  • təhsil prosesinə tədris məsləhətçiləri cəlb olunmalı və onlar tələbələrə tədris prosesində köməklik göstərməlidirlər;
  • tədris prosesi zəruri çap materialları ilə təmin edilməlidir;
  • tələbələrin biliyinin qiymətləndirilməsi çoxballı sistemin tələblərinə əsasən aparılmalıdır.

 

Tədrisin kreditli sisteminin üstünlükləri aşağıdakılardan ibarətdir:

  • bu sistemdə də hər tədris ili 2 semestrdən ibarət olmaqla təhsil müddəti 4 ildir. Lakin zəruri hesab edildiyi hallarda rektorluğun razılığı ilə il ərzindəki 2 semestrə «yay məktəbi» adlanan 3-cü semestr də əlavə oluna bilər;
  • bu sistemdə istedadlı tələbələr yuxarı kurslardan fənn götürməklə bakalavr təhsilini 1 yaxud 2 semestr tez başa vura bilər;
  • bu sistem zəif tələbənin də potensialından tam istifadə etməyə imkan verir. Belə ki, tələbə aşağı kursdan kəsr kimi qalan fənni oxuyub, mənimsəyib, imtahan vermək imkanı qazanır;
  • kreditli sistemdə tələbənin dərslərdə iştirakı məcburi olduğu üçün nizam-intizam və məsuliyyət hissi daha da artmış olur.

  

Tədrisin keyfiyyətini yüksəltməyin əsas şərtlərindən biri də dünya standartlarına cavab verən maddi-texniki bazanın olmasıdır. Bu tələbə uyğun olaraq Universitetimizin 10148 m² sahəyə malik olan yeni müasir tədris binası tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş normativə görə ali məktəblərdə hər tələbəyə 5 m² sahə müəyyən edildiyi halda Bakı Biznes Universitetində 8 m² sahə düşür. Bununla yanaşı, universitetdə çoxsaylı linqafon kabinetləri, kompüter otaqları və xüsusi təyinatlı laboratoriyalar yaradılmış və tələbələrin istifadəsinə verilmişdir.