Ana səhifə > Elmi-tədqiqat > Elmi-tədqiqat işləri

Elmi-tədqiqat işləri

  

Bakı Biznes Universitetinin yarandığı və fəaliyyət göstərdiyi keçən 20 il ərzində elmi-tədqiqat işlərinin səmərəli təşkili və yerinə yetirilməsi daim diqqət mərkəzində olmuşdur. Elmi-tədqiqat planlarının formalaşması Respublikanın direktiv orqanlarının tapşırığı, ölkəmizin sosial-iqtisadi inkişafının təmin edilməsi, iqtisad elminin tələblərindən irəli gələn problemlərin, mövzuların işlənilməsinin zəruriliyi nəzərə alınmaqla rəhbərlik tərəfindən müəyyənləşdirilir və icraçılar arasında onların ixtisasları və kafedraların istiqamətləri əsas götürülməklə illər üzrə bölüşdürülür, Universitet Elmi Şurasında müzakirə edilərək təsdiqlənir, tərtib edilmiş proqramlara əsasən yerinə yetirilir.

Bakı Biznes Universitetində elmi-tədqiqat işləri «Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinin inkişafı və sosial-iqtisadi problemlər» istiqamətində aparılır.

Yeni təsərrüfatçılıq sistemində istehsalın təşkili, idarə edilməsi, maliyyə, audit, mühasibat uçotu, iqtisadi təhlil və mülkiyyət münasibətlərinin yenidən qurulması öyrənilir və bu istiqamətdə elmi konfranslar, simpoziumlar təşkil edilir. Universitetdə ölkəmizin xarici iqtisadi əlaqələrinin inkişafı, investisiya siyasətinin kəmiyyət və keyfiyyət baxımından öyrənilməsi, müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının müasir vəziyyəti tədqiq edilir. Azərbaycan Respublikasının sosial inkişafına dair dəyirmi masalar arxasında müzakirələr təşkil edilir.

   

Əldə edilmiş elmi-tədqiqat işlərinin nəticələri öz əksini çap edilmiş monoqrafiya, dərslik və dərs vəsaitlərində tapır. Belə ki, keçən 20 il ərzində Universitetin professor-müəllim heyəti tərəfindən ölkə daxilində və xarici ölkələrdə 6,6 min çap vərəqi həcmində yüzlərlə iri həcmli monoqrafiya, dərslik, dərs vəsaiti, kitab, metodik vəsait, məqalələr, proqramlar və digər elmi əsərlər çap edilmişdir. Onlardan 186 dərslik və dərs vəsaiti, 106 monoqrafiya, 901 jurnal məqalələri, 684 tezis, 899 proqramlar və metodik vəsaitləri qeyd etmək olar. Universitetin professor-müəllim heyəti tərəfindən hazırlanmış belə monoqrafiya və məqalələrin bir qismi xarici ölkələrdə nəşr edilmişdir.

Bakı Biznes Universitetində elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş nəzəri-praktiki konfransların təşkili ənənəvidir. Bütünlükdə 1993-cü ildən  2012-ci ilədək 35 elmi-praktiki və nəzəri konfrans keçirilmişdir.

   

Bakı Biznes Universitetində təşkil edilən elmi forumlara digər elmi-tədqiqat müəssisələrindən, ali təhsil məktəblərindən, nazirliklər və təşkilatlardan tanınmış mütəxəssislərin dəvəti və onların məruzələrinin dinlənilməsi iqtisadiyyat sahəsində dərin elmi biliklərin əldə olunmasına geniş şərait yaradır.

Universitetin keçirdiyi elmi forumlarda kollektivlə yanaşı AMEA-nın İqtisadiyyat İnstitutunun, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin,  dövlət,  özəl ali məktəblərin, Milli Məclisin nümayəndələrinin, Vergilər Nazirliyinin, Auditorlar Palatasının və digər nazirlik, təşkilatların rəhbərləri, nümayəndələri aktiv iştirak etmişlər.

  

Göstərilən materiallar dövlət əhəmiyyətli mühüm elmi problemlərin tədqiqinə, ölkəmizin iqtisadi inkişafı və dərs prosesinin keyfiyyətinin yüksəldilməsinə həsr edilmişdir. Bu baxımdan aşağıdakıları göstərmək olar:

  • Audit (dərslik) – 37,5 ç/v. (i.e.d., prof. İ.M. Abbasov). Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2012.
  • Maliyyə bazarında kommersiya banklarının fəaliyyəti (monoqrafiya) – 8,6 ç/v. (i.e.d., prof. İ.M. Abbasov). Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2000.
  • Auditin nəzəri və praktiki problemləri (monoqrafiya) – 12,3 ç/v. (i.e.d., prof. İ.M. Abbasov). Bakı «Elm» nəşriyyatı, 1998.
  • Qloballaşma şəraitində Azərbaycanın Milli İqtisadiyyatının dayanıqlı inkişafının əsas istiqamətləri (kollektiv monoqrafiya) – 20 ç/v. (i.e.d., prof. A.K. Ələsgərov). Bakı, «Elm» nəşriyyatı, 2007.
  • Azərbaycan Respublikasının hüquq mühafizə orqanları (dərslik) – 38 ç/v. (dos. Ə.S. Piriyev). Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2005.
  • Mühasibat uçotunun nəzəriyyəsi üzrə məsələlər toplusu (dərs vəsaiti) – 8 ç/v. (prof. İ.A. Məmmədov). Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2007.
  • Kiçik sahibkarlıq (dərs vəsaiti) – 23 ç/v. (dos. Ə.Ş. İmanov), Bakı, «Elm» nəşriyyatı, 2009.
  • Развитие учета, анализа и аудита в пенсионно-страховой системе (монография) – 19 ç/v. (i.e.d., prof. S.Y. Müslümov). Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2005.
  • İqtisadi təlimlər tarixi (kurs üzrə mühazirə mətnləri) – 10 ç/v. (i.e.d., prof. Q.Y. Əbdülsəlimzadə).  Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2006.
  • Sahibkarlıq kursu (rus nəşriyyatından tərcümə) (dərslik) – 25,3 ç/v. (i.f.d., dos. Z.M. Məmmədova). Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2000.
  • Azərbaycan sənayesinə investisiya qoyuluşunun iqtisadi problemləri (monoqrafiya) – 10 ç/v. (i.f.d. X.C. Əzizova). Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2000.
  • Azərbaycanda muzeyşünaslığın aktual problemləri (monoqrafiya) – 35, 6 ç/v. (p.f.d, dos. S.A. Əmirxanov). Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2011.
  • Müasir dövrdə xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri (dərs vəsaiti) – 53 ç/v. (dos. İ.İ. Mehrəliyev). Bakı, 2011.
  • Funksiyalar və qrafiklər (dərs vəsaiti) – 7,5 ç/v. (dos. Q.M. Namazov). Bakı, 2011.
  • Kommersiya təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarının tədrisinə dair (metodik vəsait) – 7,8 ç/v. (i.e.d., prof. İ.M. Abbasov, i.f.d. M.M. Rəsulov). Bakı, «Biznes Universiteti»  nəşriyyatı, 2011.
  • Cinayət işlərinin birləşdirilməsi və ayrılması icraatı üzrə prosessual fəaliyyətin hüquqi tənzimlənməsi (monoqrafiya) – 10,7 ç/v. (h.f.d. N.İ.Abbasov). Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2011.
  • Birja və hərracların təşkili və idarə edilməsi (dərs vəsaiti) – 13,6 ç/v. (dos. E.N. Quliyev, dos. Z.M. Məmmədova, dos. T.İ. İmanov). Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2011.
  • Qafqazın alman əhalisi (monoqrafiya) – 19,5 ç/v. (t.e.d., dos. İ.K. Ağasiyev). Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2010.
  • İqtisadi nəzəriyyə və marketinq üzrə praktikum (metodik vəsait) – 7 ç/v. (i.f.d., dos. A.M. İmranov, i.f.d., dos. Z.M. Məmmədova). Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2011.
  • Xətti proqnozlaşdırmanın iqtisadi-riyazi modelləri (dərs vəsaiti) – 11,4 ç/v. (dos. F.İ. Abdullyev, dos. Q.M. Namazov, dos. N.Ə. Rəhimova), Bakı, «Biznes Universiteti» nəşriyyatı, 2009.
  • Kulturologiya tarixi (dərslik) – 54,7 ç/v. (k.e.d., prof. İ. Hüseynov, s.ü.f.d. T. Əfəndiyev). Bakı, «Mars-Print» HPF, 2012.

Elmi-tədqiqat işlərinin bir qismi təsərrüfat hesabı əsasında yerinə yetirilmişdir. Universitetin kollektivi, həmçinin «ABŞ-ın Təhsilin İnkişafı Akademiyasının layihəsinə müvafiq olaraq Azərbaycanın rayonlarında kiçik və orta sahibkarlığın inkişafına dair» treninq proqramı üzrə bir sıra işlər yerinə yetirmiş və onun əməkdaşları milli sahibkarlığın formalaşması işində fəal iştirak etmişlər.

Konfrans zalı

Konfrans zalı 300 nəfər üçün nəzərdə tutulub və əsas məqsədi elmi simpoziumlar, konfranslar və başqa tədbirlər keçirməkdir. Konfrans zalı texniki cəhətdən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmişdir.

Konfrans zalında Bakı Biznes Universiteti Respublikanın iqtisadi inkişaf problemlərinə aid konfranslar keçirir və bu konfranslarda Respublikamızın görkəmli alimləri də iştirak edirlər.

  

Audit jurnalı

Bakı Biznes Universitetinin öz dövri mətbu orqanı – “Audit” jurnalı var. Jurnal rübdə bir dəfə 6-7 çap vərəqi həcmində nəşr olunur. “Audit” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxildir.

“Audit” jurnalı elmi jurnaldır və respublikanın aparıcı iqtisadçı-alimləri burada müxtəlif mövzularda məqalələrlə çıxış edirlər. Eyni zamanda Bakı Biznes Universitetinin professor-müəllim heyəti də “Audit” jurnalında elmi və respublika iqtisadiyyatının inkişafı ilə əlaqədar aktual praktiki problemlər üzrə məqalələrlə mütəmadi çıxış edirlər. Universitetdə elmi-tədqiqat işlərinin aparılması və yüksək ixtisaslı kadrların hazırlanmasında “Audit” jurnalı böyük rol oynayır.