Serbiyanın Azərbaycan Respublikasındakı səfiri və Belqrad Biznes Məktəbinin rektoru ilə görüş

07 iyun 2018-ci il tarixində Serbiya Səfirliyinin təşəbbüsü ilə Bakı Biznes Universitetində Serbiyanın Belqrad Biznes Məktəbinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Serbiyanın Azərbaycandakı səfiri, Belqrad Biznes Məktəbinin rektoru və səlahiyyətli nümayəndələri və Bakı Biznes universitetinin professor müəllim heyəti iştirak ediblər. Qonaqları rəhbərlik etdiyi BBU-da görməkdən məmnunluq duyduğunu bildirən rektor, professor İbad Abbasov onlara Universitetin tarixi, müasir vəziyyəti, tədris prosesi, həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlıq sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib. Görüş zamanı Bakı Biznes Universiteti və Belqrad Biznes məktəbi arasındakı əlaqələrdən və gələcək əməkdaşlıqlardan söhbət açılıb.

Tədbirdə BBU ilə Belqrad Biznes Məktəbi arasında müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması, layihə və proqramların icra edilməsi, müştərək beynəlxalq elmi konfransların, simpozium, sərgi və seminarların keçirilməsi və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Serbiyanın Azərbaycan Respublikasındakı səfiri və Belqrad Biznes Məktəbinin rektoru səmimi və qonaqpərvər münasibətə görə BBU-nun rəhbərliyinə təşəkkür edib.