Məzun – 2018

29 iyun 2018-ci il tarixində Bakı Biznes Universitetində ənənəvi olaraq təntənəli şəkildə “Məzun Günü” qeyd olunmuşdur. Tədbir çərçivəsində Universitetin foyesində tələbə-məzunların əmək bazarına inteqrasiyası məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Bakı Şəhər Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” şüarı altında 65 şirkətin iştirakı ilə əmək yarmarkası təşkil edilmişdir. Tələbələr və məzunlar yarmarkada  təqdim edilən iş yerləri ilə maraqlanmış, müvafiq sənədləri təqdim etmişlər.

Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, başçının müavini Təravət Muradova, AMEA-nın müxbir üzvləri Akif Musayev və Əli Nuriyev, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Kamil Məcidov, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məsul işçisi Arzu Bağırov, “Rabitəbank” ASC müşahidə heyətinin sədri Zakir Nuriyev, Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyeva və digər tanınmış şəxslər və elm xadimləri iştirak etmişdir.

“Məzun – 2018” tədbirini giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açaraq tələbə-məzunları, valideynləri, bu il magistraturaya qəbul olunan bakalavrları, əvvəlki illərdə Universiteti bitirmiş məzunları və qonaqları salamlamış, onlara gələcək fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzulamışdır. O, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin 2018-ci ilə təsadüf etdiyini bildirmiş və bu əlamətdar hadisələrin bu il məzun adı alan tələbələrin gələcək uğurlarına işarə olduğunu diqqətə çatdırmışdır. Daha sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov valideynləri, professor-müəllim heyətini və tələbələri məzun günü münasibətilə təbrik etmiş, Universitetin əməkdaşlarına “Fəxri fərman”lar təqdim etmişdir.

Tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin və Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə möhtəşəm bayram konserti olmuşdur.