Məzun - 2013

Hər tədris ilində olduğu kimi, 2012/2013-cü tədris ilinin sonunda da 28 iyun 2013-cü il tarixində Bakı Biznes Universitetində təntənəli şəkildə “Məzun Günü” keçirilmişdir. “Məzun-2013” buraxılış günü proqramı çərçivəsində həmin gün saat 10:00-dan 12:30-a qədər Universitetdə işaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirməklə, onların əmək bazarına inteqrasiyasını asanlaşdırılması istiqamətində Bakı Şəhər Məşğulluq İdarəsi tərəfindən “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil edilmişdir.

Tədbirdə Bakı Şəhərinin Rayon Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq edən 100-ə qədər işəgötürən müəssisə və təşkilatlar iştirak etmişdir.  Tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına köməklik göstərilməsidir.

“Məzun 2013”buraxılış gününün rəsmi və bədii hissələrinin təntənəli təşkili

Bakı Biznes Universitetində 28 iyun 2013-cü il tarixində “Məzun - 2013” proqramı çərçivəsində tədbirin rəsmi hissəsini Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açmış, tələbə-məzunları, valideynləri, əvvəlki illərdə Universiteti bitirmiş məzunları və qonaqları salamlamış, bu möhtəşəm bayram münasibətilə öz təbriklərini çatdırmışdır. Sonra Universiteti fərqlənmə ilə bitirmiş bir qrup bakalavrlara təntənəli şəkildə diplomlar təqdim edilmişdir.

Məlum olduğu kimi, bu tədris ilində Bakı Biznes Universitetini bitirmiş bakalavrlardan 37 nəfəri müvafiq ixtisaslar üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən magistraturaya qəbul imtahanlarında keçid balını toplamışlar. Tədbirdə Universitetin rektoru tərəfindən magistraturaya keçid balını toplamış həmin tələbələr də təbrik edilmişdir.

Ölkəmizin, eləcə də Universitetin idman şərəfini qoruyan tələbələrin bir hissəsinin son aylarda əldə etdiyi uğurlar da tədbirdə qeyd edilmiş, onlara diplomlar, medallar və xatirə hədiyyələri təqdim edilmişdir.

Tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə möhtəşəm konsert proqramı olmuşdur. Tədbir tələbə-məzunlarla xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.