Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans

5 may 2014-cü il tarixində Bakı Biznes Universitetində Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Sivil bazar iqtisadiyyatı münasibətlərinin inkişaf istiqamətləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açaraq müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etmiş və Prezident İlham Əliyevin hazırkı tərəqqi dövründəki uğurlu fəaliyyətindən söhbət açmışdır.
Bildirilmişdir ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Tədbirdə AMEA-nın müxbir üzvi Akif Musayev "Müasir dövrdə dövlətin vergi siyasəti institutlarının funksiyaları", iqtisad elmləri doktorları, professorlar, Milli Məclisin deputatları Xanhüseyn Kazımlı "Böyük siyasət və onun uğurlu davamı" və Eldar Quliyev "Heydər Əliyev və iqtisadi islahatlar" mövzularında məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən söz açmışlar.
Məruzəçilər bu gün ölkəmizin qazandığı hər bir uğurun təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyasının dayandığını vurğulamışlar.
Qeyd edilmişdir ki, Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilmiş, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuş, irimiqyaslı regional layihələrin iştirakçısına çevrilmişdir. Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Bu gün Heydər Əliyev siyasi xəttinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter almış, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilmişdir. Həyata keçirilən uzaqgörən, düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf edir, dünyada nüfuzu gündən-günə artır.
Rusiya, Gürcüstan, Litva və digər ölkələrdən gəlmiş alimlər tədbirdə çıxış edərək konfransın aktual bir mövzuya həsr olunmasını yüksək qiymətləndirmiş, ölkələrimiz arasında mövcud siyasi, iqtisadi, mədəni əlaqələrdən danışmış və Azərbaycanı iqtisadi cəhətdən güclü bir dövlət kimi xarakterizə etmişlər.
Konfransın ilk günündə "Heydər Əliyev və Azərbaycanın xarici iqtisadi əlaqələri", "Heydər Əliyev və Azərbaycanda aqrar islahatlar", "Qloballaşma və dünya iqtisadiyyatının transmilliləşməsi" və digər mövzularda məruzələr dinlənilmişdir.
Beynəlxalq konfrans işini mayın 6-da müxtəlif bölmələrdə gənc tədqiqatçıların çıxışları ilə davam etdirmişdir.