Bakı Biznes Universiteti beynəlxalq aləmdə yenidən böyük uğura imza atdı

Avropa Komissiyası tərəfindən təşkil olunan Erasmus+ layihələri üzrə müsabiqədə Bakı Biznes Universiteti tərəfindən təqdim olunmuş “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı  layihə uğur qazanaraq qrant qazanmışdır. Bakı Biznes Universitetinin koodinator olduğu və Avropa komissiyası tərəfindən maliyyələşdiriləcək təqribən bir milyon avro dəyərində olan  bu layihə 3 il müddətində həyata keçiriləcəkdir. Layihənin əsas məqsədi Azərbaycanda Rektorlar Konfransının yaradılması və bununla da universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın yaradılmasına və inkişaf etdirilməsinə nail olmaqdır. Beynəlxalq layihədə xarici tərəfdaşlar olaraq Fransa Rektorlar Konfransı və Fransa Milli Təhsil Nazirliyinin qurumu olan CIEP təşkilatı, Polşa Rektorlar Konfransı, Belçikadan idarəetmənin inkişaf etdirilməsi sahəsində Avropanın ən böyük təşkilatlarından biri olan EFMD təşkilatı, İsveçdən Kral Texnologiya Universiteti, Litvadan Mykolos Romerius Universiteti və əlaqəli tərəfdaşlar qismində isə Finlandiya, İspaniya, Portuqaliya və Litvanın Rektorlar Konfransı, yerli tərəfdaşlar olaraq isə 15 Azərbaycan universiteti yer almışdır. Layihənin müəllifi Bakı Biznes Universitetinin Layihələrin idarəedilməsi şöbəsinin müdiri Gülşən Bayramovadır. Eyni zamanda o, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (EQAC)” adlı Erasmus+ CBHEs layihəsinin də müəllifidir.