“Yaşıl iqtisadiyyat dayanıqlı inkişafın modeli kimi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans

24 aprel 2024-cü il tarixində Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə  həsr olunmuş “Yaşıl iqtisadiyyat dayanıqlı inkişafın modeli kimi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rza, Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdir müavini Faiq Hüseynov, Yasamal rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, ölkəmizin beynəlxalq aləmdə tanınmış və böyük nüfuza malik olan akademiki Ziyad Səmədzadə, Azərbaycan Respublikasının Energetika Nazirliyinin və Xarici İşlər Nazirliyinin məsul şəxsləri, İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, ARDNŞ Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun şöbə müdiri Çingiz Məmmədov, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə və respublikamızın 20-dən çox ali məktəblərinin prorektorları, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondunun layihələr üzrə direktoru, İsveçin Kral Texnologiya Universitetinin professoru, Litavının Mikolas Romeris Universitetinin, Polşanın Katovitsa Universitetinin, Moldova İqtisad Elmləri Akademiyasının və Yunanıstanın Hellenik Universitetinin professorları iştirak ediblər.

Beynəlxalq elmi-praktik konfrans başlamazdan əvvəl müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək tər çiçək dəstələri qoyulub.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov qonaqları salamladı və onların Bakı Biznes Universitetində keçirilən konfransda iştiraklarından məmnun olduğunu ifadə etdi. Rektor qeyd edib ki, konfransın mövzusu günümüzün ən aktual məsələlərindən  birinə həsr edilib. Belə ki, yaşadığımız yaşıl planetin qloballaşma prosesində üzləşdiyi ekoloji problemlərinin həlli istiqamətlərinin tapılması və bu istiqamətdə mövcud beynəlxalq təcrübələrin bölüşülməsi mühüm əhəmiyyət kəsb edir. O, qlobal miqyasda bu məsələ ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən BMT və Dünya İqtisadiyyat Forumunun müvafiq proqramlar və təşəbbüslərlə çıxış etdiyini sözlərinə əlavə edib. Rektor xüsusilə vurğulayıb ki, ölkəmizdə də bu məsələ dövlət başçısının və hökumətin daim diqqət mərkəzindədir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müvafiq bəndləri üst-üstə düşür.

01 mart 2021-ci il tarixində BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanmışdır. Bu Sənəddə nəzərdə tutulan 4 əsas prioritetdən biri də məhz “ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə”dir. Bu istiqamətdə atılan olduqca mühüm və dünyamiqyaslı addımlardan biri də  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 11 dekabr 2023-cü ildə Birləşmiş ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən plenar iclasında Tərəflər Konfransının növbəti sessiyasının, yəni 29-cu sessiyasının (“COP29”-un) 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarının qəbul edilməsidir.

Daha sonra akademik, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadə Azərbaycan Respublikasının energetika potensialı, onun yaşıl enerji hesabına möhkəmləndirilməsi istiqamətlərindən bəhs etdi. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev öz çıxışında aqrar sahədə yaşıl iqtisadiyyatın inkişaf perspektivlərinin mühüm əhəmiyyətindən danışdı. İqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli  iqtisadiyyatın səbatlığı, dayanıqlığı və davamlılığının iqtisadi inkişafdakı mühüm rolundan bəhs etdi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə ölkəmizdə aqrar sahə üzrə yaşıl inkişaf mexanizmlərinin formalaşdırılması məsələlərindən danışdı. SOCAR «Neftqazelmitədqiqatlayihə İnstitutu»nun şöbə müdiri Çingiz Məmmədov isə öz çıxışında davamlı inkişafın əsası kimi yaşıl iqtisadiyyatın mühüm istiqamətlərini qeyd edib.

Konfransda iştirak edən xarici ölkə universitetlərinin nümayəndələri – İsveçin Kral Texnologiya Universitetindən Viktor Kordas, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondundan Kristofer Terrase, Polşanın Katovitse İqtisad Universitetindən Paulina Rutecka,  Moldova İqtisad Elmləri Akademiyasından Tatiana Qutium, Litvanın Mikolas Romeris Universitetindən dosent Nomeda Qudeliene və Yunanıstanın Beynəlxalq Hellenik Universitetindən professor Tomas Tomidis davamlı inkişafda yaşıl texnologiyalar, yaşıl universitet və yaşıl enerji məsələlərindən  bəhs etdilər.

Plenar iclasdan sonra  konfransın işi bölmələrdə davam etdirilib.