Bakı Biznes Universitetinin magistrantlarına İqtisadiyyat İnstitutunun sertifikatı verilib

Mayın 16-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin (BBU) magistrantları üçün təşkil olunmuş təcrübə-təliminin yekunları ilə bağlı tədbir keçirilib. Tədbirdə İqtisadiyyat İnstitutunun icraçı direktoru, professor Müşfiq Atakişiyev, xüsusi layihələr üzrə direktor müavini, dosent Allahyar Muradov, BBU-nun Karyera və məzunlarla iş mərkəzinin direktoru Qafar Bağırov, təlim keçmiş iqtisadçı alimlər, magistrlar iştirak ediblər.  

 Prof. M.Atakişiyev təcrübə-təlimi elm və təhsil qurumları arasında faydalı əməkdaşlığın yaxşı bir nümunəsi kimi yüksək qiymətləndirib və təlimlərdə fəal iştirak etmiş magistrlara uğurlar arzulayıb. Magistrlar də təlimin onların gələcək karyerası üçün əhəmiyyətindən söz açıblar, təşkilatçılara, bu işdə əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər.

 Sonra təlimlərdə iştirak etmiş və yüksək nəticələr göstərmiş BBU-nun magistrantlarına İqtisadiyyat İnstitutunun sertifikatları verilib. Sertifikatları prof.  Müşfiq Atakişiyev, dos. Allahyar Muradov, Qafar Bağırov, i.e.d. Rəsmiyyə Abdullayeva, dos. Yunus Sadıqov təqdim ediblər.

 Qeyd edək ki, 1 ay müddətində – aprelin 10-dan mayın 10-na kimi İqtisadiyyat İnstitutunun alimləri  tərəfindən keçirilən təlimlərdə BBU-nun II kursda təhsil alan 10 magistrantı iştirak edib. Kurslarının keçirilməsi üçün İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Təcrübə-təlim kursunun yüksək səviyyədə təşkil edilməsi üçün i.f.d, dosent Tariyel Qurbanov  magistrantlara elmi tədqiqat təcrübəsinin rəhbəri  təyin edilib.

 Müqaviləyə əsasən ödənişli olan təlim kursları üçün BBU  İqtisadiyyat İnstitutuna vəsait ödəyib. Bu, özəl universitetlə elmi İnstitut arasında haqqı ödənilmək şərti ilə tələbə və magistrantlara ixtisas üzrə təşkil olunan təlim olaraq Azərbaycanda maraqlı və diqqət çəkən təcrübədir. Onlar üçün elmi tədqiqat xarakterli təlimlər, praktiki məşğələlər təşkil olunub. Universitetin magistrantları İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanıblar. Son illər beynəlxalq reytinqlər üzrə araşdırmalar aparan, kitablar nəşr edən, müvafiq hökumət qurumlarında ekspert qismində təmsil olunan İqtisadiyyat İnstitutu bu sahədə peşəkar elmi təcrübəyə malikdir.