27 Sentyabr Anım Günü ilə bağlı tədbir

26 sentyabr 2023-cü il tarixində Bakı Biznes Universitetində  27 Sentyabr Anım Günü ilə bağlı tədbirlər keçirilib. Belə ki, Universitet rəhbərliyi, professor- müəllim heyəti və tələbələr Universitetdə Vətən müharibəsi iştirakçılarının xatirəsinə həsr edilmiş guşəni ziyarət ediblər. Daha sonra Vətən Müharibəsi şəhidlərinin, həmçinin 19-20 sentyabr tarixlərində rəşadətli ordumuz tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan antiterror əməliyyatlarında qəhrəmanlıq zirvəsinə ucalmış şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirildikdən sonra ordumuzun qəhrəmanlıqlarına və şanlı qələbəsinə həsr edilmiş video çarxlar nümayiş etdirilib.

 Tədbirdə universitetin professoru S.Əmirxanov çıxış edərək 44 günlük Vətən müharibəsində igid oğullarımızın göstərdikləri şücaətlərdən bəhs edib. Professor qeyd edib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun rəşadəti, xalq və dövlətin sarsılmaz birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazılıb. Daha sonra universitet rəhbərliyi müharibə iştirakçısı olmuş tələbələrlə görüşərək onların qayğıları ilə maraqlanıb və bir daha öz dəstəyini bir daha ifadə edib.

27 sentyabr tarixində  İsmayıllı rayonunda Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda başlanan lokal xarakterli antiterror tədbirlərində qəhrəmancasına şəhid olmuş Universitetin məzunu Məmmədli Elxan Ələkbər oğlunun məzarı Universitetin professor-müəllim və tələbə heyəti tərəfindən ziyarət edilib, şəhidin yaxınlarına dərin hüznlə baş sağlığı verilib.

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarına Allahdan rəhmət diləyirik.