Bakı Biznes Universitetinin yarandığı və fəaliyyət göstərdiyi keçən 25 il ərzində elmi-tədqiqat işlərinin səmərəli təşkili və yerinə yetirilməsi daim diqqət mərkəzində olmuşdur. Elmi-tədqiqat planlarının formalaşması Respublikanın direktiv orqanlarının tapşırığı, ölkəmizin sosial-iqtisadi inkişafının təmin edilməsi, iqtisad elminin tələblərindən irəli gələn problemlərin, mövzuların işlənilməsinin zəruriliyi nəzərə alınmaqla rəhbərlik tərəfindən müəyyənləşdirilir və icraçılar arasında onların ixtisasları və kafedraların istiqamətləri əsas götürülməklə illər üzrə bölüşdürülür, Universitet Elmi Şurasında müzakirə edilərək təsdiqlənir, tərtib edilmiş proqramlara əsasən yerinə yetirilir.
Bakı Biznes Universitetində elmi-tədqiqat işləri «Azərbaycan Respublikasında azad bazar iqtisadiyyatı münasibətlərinə əsaslanan milli iqtisadiyyatın inkişafı istiqamətləri» istiqamətində aparılır.
Yeni təsərrüfatçılıq sistemində istehsalın təşkili, idarə edilməsi, maliyyə, audit, mühasibat uçotu, iqtisadi təhlil və mülkiyyət münasibətlərinin yenidən qurulması öyrənilir və bu istiqamətdə elmi konfranslar, simpoziumlar təşkil edilir. Universitetdə ölkəmizin xarici iqtisadi əlaqələrinin inkişafı, investisiya siyasətinin kəmiyyət və keyfiyyət baxımından öyrənilməsi, müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının müasir vəziyyəti tədqiq edilir. Azərbaycan Respublikasının sosial inkişafına dair dəyirmi masalar arxasında müzakirələr təşkil edilir.
Əldə edilmiş elmi-tədqiqat işlərinin nəticələri öz əksini çap edilmiş monoqrafiya, dərslik və dərs vəsaitlərində tapır. Belə ki, keçən 25 il ərzində Universitetin professor-müəllim heyəti tərəfindən ölkə daxilində və xarici ölkələrdə 9,2 min çap vərəqi həcmində yüzlərlə iri həcmli monoqrafiya, dərslik, dərs vəsaiti, kitab, metodik vəsait, məqalələr, proqramlar və digər elmi əsərlər çap edilmişdir. Onlardan 202 dərslik və dərs vəsaiti, 146 monoqrafiya, 1385 jurnal məqalələri, 1049 tezis, 1262 proqramlar və metodik vəsaitləri qeyd etmək olar. Universitetin professor-müəllim heyəti tərəfindən hazırlanmış belə monoqrafiya və məqalələrin bir qismi xarici ölkələrdə nəşr edilmişdir.
Bakı Biznes Universitetində elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş nəzəri-praktiki konfransların təşkili ənənəvidir. Bütünlükdə 1993-cü ildən 2018-ci ilədək 9 beynəlxalq, 28 respublika, 8 tələbə konfransları keçirilmişdir.
Bakı Biznes Universitetində təşkil edilən elmi forumlara digər elmi-tədqiqat müəssisələrindən, ali təhsil məktəblərindən, nazirliklər və təşkilatlardan tanınmış mütəxəssislərin dəvəti və onların məruzələrinin dinlənilməsi iqtisadiyyat sahəsində dərin elmi biliklərin əldə olunmasına geniş şərait yaradır.
Universitetin keçirdiyi elmi forumlarda kollektivlə yanaşı AMEA-nın İqtisadiyyat İnstitutunun, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin, dövlət, özəl ali məktəblərin, Milli Məclisin nümayəndələrinin, Vergilər Nazirliyinin, Auditorlar Palatasının və digər nazirlik, təşkilatların rəhbərləri, nümayəndələri aktiv iştirak etmişlər.
Konfrans zalı
Konfrans zalı 300 nəfər üçün nəzərdə tutulub və əsas məqsədi elmi simpoziumlar, konfranslar və başqa tədbirlər keçirməkdir. Konfrans zalı texniki cəhətdən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmişdir.
Konfrans zalında Bakı Biznes Universiteti Respublikanın iqtisadi inkişaf problemlərinə aid konfranslar keçirir və bu konfranslarda Respublikamızın görkəmli alimləri də iştirak edirlər.
Bakı Biznes Universitetinin öz dövri mətbu orqanı – “Audit” jurnalı var. Jurnal rübdə bir dəfə 6-7 çap vərəqi həcmində nəşr olunur. “Audit” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxildir.
“Audit” jurnalı elmi jurnaldır və respublikanın aparıcı iqtisadçı-alimləri burada müxtəlif mövzularda məqalələrlə çıxış edirlər. Eyni zamanda Bakı Biznes Universitetinin professor-müəllim heyəti də “Audit” jurnalında elmi və respublika iqtisadiyyatının inkişafı ilə əlaqədar aktual praktiki problemlər üzrə məqalələrlə mütəmadi çıxış edirlər. Universitetdə elmi-tədqiqat işlərinin aparılması və yüksək ixtisaslı kadrların hazırlanmasında “Audit” jurnalı böyük rol oynayır.