Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Bakı Biznes Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov tərəfindən imzalanıb.
Görüş çərçivəsində ali təhsil və əmək bazarı arasında effektiv əlaqələrin qurulması, məzunların peşə bacarıqlarının iş dünyasının tələblərinə uyğunlaşdırılması və təhsil proqramlarının strateji optimallaşdırılması məsələləri ətraflı müzakirə edilib.
E.Səfərli vurğulayıb ki, əmək bazarının aktual ehtiyaclarını nəzərə alan araşdırmalar məzunların peşə bacarıqlarının müasir iş mühiti ilə uzlaşmasını təmin edir. Aparılan araşdırmalar məzunların peşəkar bacarıqlarının aktual tələblərə uyğun formalaşdırılmasına imkan yaradır və bu istiqamətdə yeni metodoloji yanaşmalar hazırlanır.
İ.Abbasov isə ali təhsil sahəsində innovativ dəyişikliklərin və elmi araşdırmaların strateji inkişafda mühüm rol oynadığını qeyd edib. Bildirib ki, yeni tədris metodlarının tətbiqi və praktiki biliklərin ön plana çıxarılması məzunların əmək bazarında uğurlu karyera qurmasına töhfə verəcək.
Sənəddə məzunların əmək bazarına adaptasiya səviyyəsinin qiymətləndirilməsi, peşə və ixtisas sahələrinin strateji analizi, bazar ehtiyaclarına uyğun bacarıq və səriştələrin inkişafı, birgə tədqiqatların həyata keçirilməsi, elmi konfranslar və simpoziumların təşkili kimi müxtəlif istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.