Bakı Biznes Universitetində müşavirə keçirilib

Oktyabrın 13-də “H.B.Zərdabi pr.88” ünvanı üzrə (Bakı Biznes Universiteti) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Əfsun Sucayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatının üzvləri və universitetin tələbələri iştirak ediblər.
Müşavirədən əvvəl Bakı Biznes Universitetinin inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunaraq gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsinə təşkil olunmuş guşə ziyarət olunub.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov tədbir iştirakçılarını və qonaqları salamlayaraq ali təhsil müəssisəsində keçirilən bu görüşün xüsusi önəm daşıdığını diqqətə çatdırıb. İ.Abbasov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək inkişaf strategiyasını müəyyənləşdirən mühüm tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu çıxışı elmi-pedaqoji heyət və gənc tələbələr üçün aydın fəaliyyət proqramıdır. Rektor qeyd edib ki, Bakı Biznes Universiteti yalnız yüksək ixtisaslı iqtisadçı və biznes mütəxəssisləri hazırlamaqla kifayətlənmir, həm də gənclərin vətənpərvərlik ruhiyyəsində, dövlətçilik prinsiplərinə sadiq ruhda tərbiyə olunmasına böyük önəm verir. Universitetin elmi heyəti və tələbə gəncləri cənab Prezidentin rəhbərliyi ilə yürüdülən siyasətə hər zaman sadiqdir və partiya ideallarının təbliğində fəal iştirak edəcəklər.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqinin məzmunu, burada irəli sürülən mühüm ideoloji prinsiplər və ali təhsil müəssisələrinin qarşısında duran hədəflər barədə geniş məruzə ilə çıxış edib.
Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsi olmuşdur. Ulu Öndərin zəngin idarəçilik irsini inamla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Müzəffər Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Qazanılan bu böyük tarixi qələbələr partiyamızın uzun illər ərzində yürütdüyü uzaqgörən siyasi kursun və xalq-iqtidar birliyinin sarsılmaz göstəricisidir.
B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar partiya strukturlarının, xüsusən də ali təhsil ocaqlarında fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəaliyyətində keyfiyyətcə yeni mərhələ açıb. Postmüharibə dövrünün gətirdiyi yeni reallıqlar fonunda iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, innovativ biznes mühitinin formalaşması və insan kapitalının inkişafı prioritet vəzifələrdəndir. Ali məktəblərdə təhsil alan gənclər ölkənin gələcək iqtisadi və siyasi elitasını təşkil edirlər. Bu baxımdan, gənc mütəxəssislərin yüksək ixtisasla yanaşı, güclü ideoloji dünyagörüşünə, milli-mənəvi dəyərlərə və dövlətçilik təfəkkürünə malik olması vacib şərtdir.
YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, Bakı Biznes Universitetinin ərazi partiya təşkilatı gənc tələbələrin partiya həyatına cəlb olunmasında, sosial-ictimai fəallığının artırılmasında və cənab Prezident İlham Əliyevin ideyalarının təbliğində hər zaman öndə olmalıdır. YAP Yasamal rayon təşkilatı universitetin gənc fəalları ilə sıx əməkdaşlığı bundan sonra da uğurla sürdürəcəkdir.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Əfsun Sucayev partiyanın müasir inkişaf dövründəki ideoloji prinsipləri, gənclərin elmi-intellektual potensialının artırılması və Yeni Azərbaycan Partiyasının VIII Qurultayının tarixi əhəmiyyəti barədə ətraflı məruzə edib.
Əfsun Sucayev bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən VIII Qurultay Yeni Azərbaycan Partiyasının təşkilati, ideoloji və struktur baxımından yenilənməsi yolunda mühüm dönüş nöqtəsi oldu. Qurultayda qəbul edilən qərarlar partiyanın gələcək fəaliyyət proqramını müəyyən etməklə yanaşı, gənc nəslin dövlət idarəçiliyində və ictimai-siyasi proseslərdə daha fəal təmsil olunmasına geniş imkanlar açdı. O vurğulayıb ki, bu gün Azərbaycan yalnız hərbi və siyasi müstəvidə deyil, elmi, texnoloji və iqtisadi sahələrdə də böyük uğurlara imza atır. Bu nailiyyətlərin davamlılığını təmin etmək üçün ali məktəb tələbələrinin və gənc alimlərin üzərinə böyük məsuliyyət düşür.
Ə.Sucayev diqqətə çatdırıb ki, müasir gənclik ideoloji cəhətdən yetkin olmalı, milli-mənəvi dəyərlərimizə sadiq qalmalı, informasiya mühitində dövlət maraqlarımızı qətiyyətlə müdafiə etməlidir. O, Bakı Biznes Universitetinin gənclərini müasir elmi biliklərə yiyələnməyə, innovativ layihələrdə fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşərək ölkəmizin tərəqqisinə töhfə verməyə çağırıb.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.