Bakı Biznes Universitetində Bilik Günü tədbiri keçirilib

Bakı Biznes Universitetində 2026/2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Günü tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov çıxış edərək tələbə adını qazanan gəncləri səmimi-qəlbdən təbrik edib. Rektor bildirib ki, universitetə qəbul olmaq gənclərin həyatında mühüm mərhələ olmaqla yanaşı, onların qarşısında yeni imkanlar və böyük məsuliyyət yaradır. O, tələbələri peşəkar bacarıqlara yiyələnməyə, yeni biliklər əldə etməyə və universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb.

Professor İbad Abbasov vurğulayıb ki, Bakı Biznes Universitetində tələbələrin əmək bazarının müasir tələblərinə cavab verən və peşə bacarıqlarına malik mütəxəssis kimi formalaşması əsas məqsədlərdən biridir. Rektor tələbələrə nizam-intizamlı olmağı, qarşıya qoyduqları məqsədlərə inamla çatmağı və təhsil həyatlarında yeni-yeni uğurlar əldə etməyi arzulayıb.

Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü akademik Ziyad Səmədzadə çıxışında tələbələri Bilik Günü münasibətilə təbrik edib. Millət vəkili ali təhsilin insanın dünyagörüşünün, intellektual potensialının və vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Akademik gəncləri ölkənin inkişafı üçün zəruri olan bilik və bacarıqlara yiyələnməyə, elmi düşüncəni və mütaliə mədəniyyətini inkişaf etdirməyə, qarşılarına yüksək məqsədlər qoymağa dəvət edib.

Ziyad Səmədzadə bildirib ki, müasir dövrdə iqtisadiyyatın inkişafı, innovasiyaların tətbiqi və milli maraqların qorunması savadlı, vətənpərvər və yüksək peşəkarlığa malik gənclərdən asılıdır. O, tələbələrə universitet illərindən səmərəli istifadə etməyi, müəllimlərin tövsiyələrinə diqqətlə yanaşmağı və gələcək fəaliyyətlərində daim yeniliklərə açıq olmağı tövsiyə edib.

Tədbir çərçivəsində 2026/2027-ci tədris ili üzrə tələbə qəbulu imtahanlarında 400 və daha yüksək bal toplayaraq Bakı Biznes Universitetinə qəbul olmuş tələbələrə xüsusi diqqət göstərilib. Bakı Biznes Universiteti Elmi Şurasının 13 iyul 2026-cı il tarixli müvafiq qərarına əsasən, həmin tələbələrə topladıqları qəbul balına bərabər məbləğdə birdəfəlik təqaüd və hədiyyə kitablar təqdim olunub.

Tələbələrə akademik Ziyad Səmədzadənin müəllifi olduğu “Qarabağ iqtisadiyyatı – 100 ildə” kitabı, 7 cilddən ibarət “İqtisadi Ensiklopediya” və Bakı Biznes Universitetinin 30 illik yubileyinə həsr olunmuş kitab təqdim edilib.

Tədbirin sonunda fakültə dekanları yeni qəbul olunmuş tələbələri təbrik edərək onları universitet ailəsinə qoşulmaları münasibətilə salamlayıblar. Daha sonra tələbə qrupları elan olunub, tyutorlar və könüllülər tərəfindən tələbələr auditoriyalara yönləndirilib.