Bakı Biznes Universitetində tələbələr üçün tibbi maarifləndirmə tədbirləri keçirilib

06 oktyabr 2026-cı il tarixində Bakı Biznes Universitetinin tibb məntəqəsi tərəfindən tələbələr arasında sağlam həyat tərzinin təşviqi və müxtəlif sağlamlıq məsələləri barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirici görüşlər keçirilib.

Görüşlər zamanı tələbələrə ixtiyoz və bullyoz epidermoliz kimi nadir dəri xəstəlikləri barədə məlumat verilib. Bu xəstəliklərin əsas əlamətləri, gündəlik həyatda diqqət yetirilməli məqamlar, dərinin zədələnmədən qorunması və tibbi mütəxəssislərin tövsiyələrinə əməl edilməsinin əhəmiyyəti izah olunub. Həmçinin qeyd edilib ki, sözügedən xəstəliklər yoluxucu deyil və bu xəstəliklərlə yaşayan şəxslərə qarşı həssas və anlayışlı münasibət göstərilməlidir.

Tədbir çərçivəsində narkotik vasitələrin insan sağlamlığına və sosial həyatına mənfi təsirləri barədə də maarifləndirmə aparılıb. Tələbələrə sağlam seçimlərin, düzgün həyat tərzinin, idman və yaradıcılıq fəaliyyətlərinin əhəmiyyəti izah edilib, riskli təkliflərdən uzaq durmaq və gələcəyi sağlam vərdişlər üzərində qurmaq tövsiyə olunub.

İnteraktiv formada keçirilən görüşlərdə tələbələrin sualları cavablandırılıb və mövzular ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.