Bakı Biznes Universitetində Beynəlxalq Elmi konfrans keçirilib

20 oktyabr 2026-cı il tarixində Bakı Biznes Universitetinin “Ali riyaziyyat” kafedrasının müdiri r.ü.f.d.,dosent Könül Ömərovanın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasında və inkişafında riyazi modellərdən istifadə imkanları” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun direktor v.m.i.e., direktor müavini, t.e.d., dosent Elxan Səbziyev, r.e.d., professor Soltan Əliyev, Riyaziyyat İnstitutunun laboratoriya müdiri, r.e.d., professor Rövşən Bəndəliyev, r.ü.f.d., dosent Elşən İbayev, r.e.d. Yeganə Əşrəfova, r.ü.f.d. Ülviyyə Kərimova və bir sıra tanınmış riyaziyyatçı alimlər iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan Bakı Biznes Universitetinin elmi işlər üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Məleykə Abbasova iştirakçıları salamlamış, tədbirin əhəmiyyətini vurğulamış və xarici ölkələrdən olan alimlərin də konfransa onlayn formatda qoşulacağını bildirmişdir. Türkiyədən professor Çərkəz Ağayeva, Səudiyyə Ərəbistanından r.ü.f.d. Heyran Əliyeva və Özbəkistandan t.e.d. Umid Djumayozov onlayn formatda konfransda iştirak etmişlər.
Daha sonra Bakı Biznes Universitetinin “Ali riyaziyyat” kafedrasının müdiri, r.ü.f.d., dosent Könül Ömərova çıxış edərək kafedranın təşəbbüsü ilə silsilə şəklində hər il təşkil olunan elmi konfransın bu ilki tarixinin Azərbaycanın riyaziyyat üzrə ilk qadın elmlər doktoru, professor Tamilla Nəsirovanın anadan olmasının 90 illik yubileyinə təsadüf etdiyini diqqətə çatdırmışdır.
Konfrans iştirakçıları professor Tamilla Nəsirovanın həyat və elmi fəaliyyətindən, Azərbaycan riyaziyyat elminin inkişafına verdiyi töhfələrdən bəhs etmiş, onunla bağlı xatirələrini bölüşmüşlər. Daha sonra konfrans öz işini elmi məruzələrlə davam etdirmişdir. Məruzələrdə riyazi modellərin rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması və inkişafında tətbiqi imkanları, eləcə də riyaziyyatın müasir elmi tədqiqatlarda rolu ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Konfransın materialları çap olunaraq elmi ictimaiyyətin istifadəsinə təqdim edilmişdir.
Tədbirin sonunda dosent Könül Ömərova konfransın keçirilməsi üçün yaradılmış şəraitə və göstərilən dəstəyə görə Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasova minnətdarlığını bildirmişdir.
Konfrans elmi əməkdaşlığın genişləndirilməsi, riyaziyyat elminin aktual problemlərinin müzakirəsi və alimlər arasında elmi təcrübə mübadiləsi baxımından əhəmiyyətli olmuşdur.