
Bakı Biznes Universitetinin dəvəti ilə 06 noyabr 2026-cı il tarixində Bolqarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov və səfirliyin konsulluq şöbəsinin rəhbəri İsməgül Durmuş universitetdə olublar. Səfər Azərbaycan–Bolqarıstan təhsil əlaqələri çərçivəsində BBU-nun bu ölkənin universitetləri ilə tərəfdaşlığının inkişafına, ikili diplom proqramlarına və qarşılıqlı akademik mübadilə imkanlarına həsr olunub.
Qonaqları qəbul edən BBU-nun rektoru, professor İbad Abbasov Bolqarıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığın universitetin beynəlxalq əlaqələrində əhəmiyyətli yer tutduğunu bildirib. Görüşdə Varna İqtisad Universiteti və Beynəlxalq Biznes Məktəbi ilə mövcud tərəfdaşlıqlar, tələbələrin beynəlxalq təhsil imkanlarından yararlanması və universitetlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Müzakirələrin əsas mövzularından biri BBU ilə Varna İqtisad Universiteti arasında iki magistr proqramı üzrə ikili diplom əməkdaşlığı olub. Rektor 2025-ci ildə imzalanmış müqavilə barədə məlumat verərək bu istiqamətdə tərəfdaşlığın inkişaf perspektivlərindən danışıb. İkili diplom proqramlarının tələbələrə fərqli akademik mühitlərdə bilik və bacarıqlarını inkişaf etdirmək, beynəlxalq təcrübə qazanmaq və gələcək peşə imkanlarını genişləndirmək baxımından əhəmiyyəti qeyd edilib. Əməkdaşlığın davamı olaraq, 2027-ci ilin martında rektorun rəhbərliyi ilə BBU nümayəndə heyətinin Varnaya səfərinin planlaşdırıldığı bildirilib.
Səfir Ruslan Stoyanov Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın universitetlərarası əlaqələrin dərinləşdirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıb. BBU-nun Bolqarıstan universitetləri ilə qurduğu əməkdaşlığı yüksək qiymətləndirən səfir akademik mübadilələrin iki ölkənin təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və təhsilin keyfiyyətinin yüksəlməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Görüşdə universitetlə səfirlik arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanları da nəzərdən keçirilib. BBU-nun birgə tədbirlərə, Bolqarıstanın əlamətdar günlərinə həsr olunan görüşlərə və bu ölkədən gələn qonaqların mühazirələrinə ev sahibliyi etməyə hazır olduğu ifadə olunub.
Səfər çərçivəsində səfir və konsul universitetin kitabxanası, konfrans və kompüter otaqları ilə tanış olub, dərslərə baş çəkərək tələbələrlə söhbət ediblər. Daha sonra universitetin professor-müəllim heyətinin iştirakı ilə ümumi görüş keçirilib. Görüşdə Azərbaycan–Bolqarıstan münasibətləri, ali təhsil sahəsində əməkdaşlıq və universitetlər arasında akademik əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.