
30 sentyabr 2026-cı il tarixində Bakı Biznes Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında “Təhsil proqramlarının əmək bazarında və abituriyentlər arasında tələbata uyğunluğunun təhlili və qəbul planının proqnozlaşdırılması” mövzusunda işgüzar görüş keçirilib.
Görüşdə Bakı Biznes Universitetinin nümayəndələri ilə yanaşı, əmək bazarının və biznes sektorunun təmsilçiləri – Caspel şirkətinin satış direktoru İsrafil Mirzai, Ozio Ekosisteminin marketinq direktoru Uğur Mahmudov və GFC MMC-nin biznesin inkişafı üzrə meneceri Samir Mahmudov iştirak ediblər.
Görüşün əsas məqsədi “İqtisadiyyat” ixtisası üzrə əmək bazarının cari və gələcək tələblərini müzakirə etmək, işəgötürənlərin müasir iqtisadçı mütəxəssislərdən gözləntilərini müəyyənləşdirmək olub. Eyni zamanda, təhsil proqramının əmək bazarının dəyişən ehtiyaclarına uyğun təkmilləşdirilməsi və növbəti tədris ili üzrə tələbə qəbulu planının formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı müasir əmək bazarında iqtisadçı mütəxəssislər üçün tələb olunan peşəkar və rəqəmsal bacarıqlar, xüsusilə biznes-analitika, verilənlərin təhlili (Data Analytics), maliyyə modelləşdirilməsi və rəqəmsal alətlərdən istifadə imkanları diqqət mərkəzində olub. İşəgötürənlərin nümayəndələri iqtisadi biliklərlə yanaşı, analitik düşünmə, məlumatları təhlil etmə, rəqəmsal texnologiyalardan istifadə və praktiki problemləri həll etmə bacarıqlarının əhəmiyyətini vurğulayıblar.
Görüşdə, həmçinin “İqtisadiyyat” ixtisası üzrə təhsil proqramının müasir tələblərə uyğunlaşdırılması, praktiki yönümlü hazırlığın gücləndirilməsi, tələbələrin istehsalat təcrübələrinin işəgötürən şirkətlərdə təşkili və universitet–biznes əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə edilib.
Aparılan fikir mübadiləsi nəticəsində təhsil proqramının təkmilləşdirilməsi, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi və məzunların əmək bazarına hazırlığının gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.
Görüşün sonunda işəgötürənlərin rəy və təkliflərinin növbəti tədris ili üzrə qəbul planının formalaşdırılması və “İqtisadiyyat” ixtisasının inkişaf perspektivlərinin müəyyənləşdirilməsi prosesində nəzərə alınmasının əhəmiyyəti qeyd edilib.
Bakı Biznes Universiteti əmək bazarının nümayəndələri ilə əməkdaşlığı davam etdirərək təhsil proqramlarının müasir iqtisadiyyatın və biznes sektorunun tələblərinə uyğunlaşdırılmasına, tələbələrin praktiki hazırlığının gücləndirilməsinə və məzunların əmək bazarına inteqrasiyasına xüsusi önəm verir.