“Müasir dünyada tədris: dərsin planlaşdırılmasına yeni baxış” mövzusunda təlim

Bakı Biznes Universiteti və British Council-in birgə təşkilatçılığı ilə dünya şöhrətli müəllif, təlimçi və dilin tədrisi üzrə tanınmış mütəxəssis Jeremy Harmerin iştirakı ilə “Müasir dünyada tədris: dərsin planlaşdırılmasına yeni baxış” mövzusunda təlim keçirilmişdir.

Təlim çərçivəsində Jeremy Harmer dərsin planlaşdırılmasının müasir prinsipləri, təlim məqsədlərinin müəyyənləşdirilməsi, dərsin mərhələlərinin təşkili və effektiv tədris strategiyaları haqqında nəzəri və praktiki biliklərini iştirakçılarla bölüşmüşdür.

Tədbirdə Bakı Biznes Universitetinin müəllimləri, eləcə də ölkəmizin müxtəlif universitetlərini təmsil edən 80-ə yaxın mütəxəssis iştirak etmişdir. İnteraktiv müzakirələr, praktiki fəaliyyətlər və peşəkar fikir mübadiləsi ilə müşayiət olunan təlim iştirakçılara beynəlxalq təcrübə ilə tanış olmaq və peşəkar biliklərini inkişaf etdirmək imkanı yaratmışdır. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.