12 oktyabr 2017-ci il tarixində AMEA Rəyasət Heyətinin müvafiq Qərarına əsasən AMEA-nın İqtisadiyyat İnstitutu və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş “Strateji iqtisadi islahatlar: qabaqlayıcı vergi siyasəti” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə Respublikanın elmi ictimaiyyəti, tanınmış iqtisadçılar, iqtisadyönümlü ali təhsil müəssisələrinin müəllimləri, eləcə də Rusiya, Gürcüstan, Rumıniya və Serbiyadan olan alim və mütəxəssislər iştirak etmişlər.
Konfransı giriş sözü ilə İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli açaraq A.F.Musayevin elmi fəaliyyəti barədə ətraflı məlumat verdi. Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Rusiyanın Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun (MİRİ) direktor müavini Georgi Kleyner, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Tbilisi Dövlət Universitetinin əməkdaşı, akademik Vladimir Papava, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Rumıniyadan professor Trayan Lonut Luka, Serbiyadan professor Marko Caric mövzular ətrafında maraqlı çıxışlar etmişlər.
Eyni zamanda məruzəçilər AMEA-nın müxbir üzvü, professor A.F.Musayevi bacarıqlı və böyük potensiala malik tədqiqatçı, iqtisad elminin inkişafına mühüm töhfələr verən, elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətləri olan, təhsildə, elmdə nəzəriyyə və praktikanı peşəkarcasına özündə birləşdirən iqtisadçı-alim kimi xarakterizə edərək onun vergi orqanlarındakı fəaliyyətini də yüksək qiymətləndirdilər, ona gələcək elmi fəaliyyətində uğurlar arzuladılar.
Plenar iclasdan sonra konfrans işini 3 bölmədə: “İqtisadi islahatların strateji istiqamətləri və dayanıqlı sosial-iqtisadi inkişafı” (moderatorlar: prof. V.Novruzov və prof. Z.Məmmədov), “Aktiv vergi siyasəti, vergiqoymanın elmi-nəzəri və praktiki problemləri” (moderatorlar: prof. İ.Abbasov və prof. İ.İbrahimov) və “İqtisadi tədqiqatlarda ekonometrikanın, riyazi üsul və modellərin tətbiqi” (moderatorlar: AMEA-nın müxbir üzvü, prof. Q.İmanov və prof Y.Həsənli) mövzularında davam etdirdi.