12 mart 2025-ci il tarixində Bakı Biznes Universitetində universitetin 32 illik yubiley tədbirləri çərçivəsində “Rəqabətqabiliyyətli sosial-iqtisadi inkişafda suverenlik, nailiyyətlər, çağırışlar, perspektivlər” mövzusunda Respublika elmi-praktiki konfrans keçirildi. Konfransı giriş sözü ilə universitetin “Humanitar elmlər” kafedrasının müdiri f.ü.f.d. Məhsəti Cəfərova açaraq konfrans iştirakçılarını salamladı, sonra o, konfrans mövzusunun aktuallığından bəhs etdi və sosial iş sahəsində mövcud nailiyyətlər, çağırışlar və perspektivlərdən qısa danışdı.
Məruzə ilə çıxış edən “Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri ped.ü.f.d. Tünzalə Verdiyeva “Həssas əhali qrupları ilə sosial xidmət sahəsində yeni təşəbbüslər”dən danışdı və müqayisəli təhlil nəticələrini konfrans iştirakçılarına çatdırdı.
Sonra Bakı Biznes Universitetinin “Humanitar elmlər” kafedrasının prosfessoru S.A.Əmirxanov “Müasir rəqabətqabiliyyətli iqtisadi inkişafda sosial işçi bacarıqlarının mühüm əhəmiyyəti”ndən bəhs etdi.
“Ümidli gələcək” sosial təşəbbüslər ictimai birliyinin sədr müavini Sənan Ağayev çıxış edərək “Uşaq hüquqlarının müdafiəsində qaynar xətt və yuvenal ədliyyə sisteminin yenilikçi çağırışları” barədə ətraflı məlumat verdi.
Daha sonra “Orvita Psixoloji Reablitasiya mərkəzi”nin rəhbəri Ramilə Oqtayqızı “Sosial psixoloji mühitdə dayanıqlılıq və motivasiya” məsələsinə aydınlıq gətirdi.
Sonra “Humanitar elmlər” kafedrasının professoru İlqar Hüseynov, dosentlər Tutu Eyvazova, İlhamə Sultanova, Şəlalə Həsənova öz maraqlı çıxışları ilə konfrans iştirakçılarını öz mövzuları ilə məlumatlandırdılar, verilən suallara cavab verdilər.