18.03.2025-ci il tarixində Bakı Biznes Universitetində professor-müəllim heyəti və tələbələrin iştirakı ilə xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz bayramına həsr olunmuş möhtəşəm tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Təbrik nitqi ilə çıxış edən Universitetin rektoru, professor İbad Abbasov Novruz bayramının tarixi əhəmiyyətindən, xalqımızın milli dəyərlərinin qorunmasında və gələcək nəsillərə ötürülməsində oynadığı mühüm roldan danışmışdır. Rektor vurğulayıb ki, Novruz bayramı insanları bir araya gətirən, həmrəylik və dostluq dəyərlərini gücləndirən xüsusi bir gündür. O, Universitetin bütün kollektivini və tələbələri bu xüsusi gün münasibətilə səmimi qəlbdən təbrik edərək onlara can sağlığı, bol ruzi-bərəkət və xoşbəxtlik arzulayıb. Daha sonra universitet rəhbərliyi Universitetin yaradılmasının 32-ci ildönümü münasibətilə keçirilən “Universitet günlərin” tədbirlərində iştirak edərək təhsildə, sosial-ictimai işlərdə, idmanda fərqlənən tələbələri fəxri fərmanlarla təltif etmiş və onlara uğurlar diləmişdir.
Tədbirin gedişində rektor Novruzun simvollarından biri olan bayram tonqalını qalamış, Bakı Biznes Universitetinin rəqs kollektivinin təqdimatında “Alagöz”, “Qafqaz” və “Naz eləmə” rəqsləri nümayiş etdirilmiş və Bakı Biznes Universitetinin xor kollektivinin təqdimatında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından “Qızların xoru” mahnısı ifa edilmişdir. Novruz bayramının atributlarından olan Kosa-keçəl və bahar qızının təqdimatında isə Novruzun ənənəvi elementlərini özündə əks etdirən maraqlı səhnələr nümayiş olunmuş, tələbə və müəllimlərlə yumurta döyüşdürmə, qaravəlli, qodu-qodu və digər milli oyunlar oynanılmış, tələbələr tərəfindən hazırlanan bayram xonçaları və rəsm əsərləri nümayiş etdirilmişdir. Tədbir Universitet tələbələrinin iştirakı ilə tonqal ətrafında “Yallı” rəqsi ilə yekunlaşmışdır.