25-27 may 2021-ci il tarixlərində Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində onlayn formatda monitorinqlər keçirilmişdir. Layihə konsorsiumunun üzvləri olan Avropalı ekspertlər tərəfindən aparılan monitorinqlərin əsas məqsədi Ali Təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminin mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi, layihənin ali təhsil müəssisələrinə faydası, layihə dövrü ərzində icra olunmuş fəaliyyətlərə universitet əməkdaşlarının cəlb olunması səviyyəsi və keyfiyyət təminatı mərkəzlərinin sənədləşmə fəaliyyətlərinin müəyyənləşdirilməsi olmuşdur. Monitorinq proseslərində Azərbaycan universitetlərinin rektorları, prorektorları, fakültə dekanları və keyfiyyət təminatı mərkəzlərinin direktorları iştirak etmişdir. Bununla yanaşı, yerli universitetlərin əməkdaşları da qarşılıqlı şəkildə monitorinqlərin izlənilməsinə cəlb edilmişdir.
Ali təhsil müəssisələrində keyfiyyət təminatı siyasətinin mövcudluğu, keyfiyyət idarəetmə sisteminin qurulması və tətbiqi, həmçinin ali məktəblərdə keyfiyyət mədəniyyətinin formalaşdırılması və bu məqsədlə həyata keçirilən sistemli fəaliyyətlər monitorinq müddətində əsas diqqət mərkəzində olmuşdur. Tələbəyönümlü tədris, təlim və qiymətləndirmənin tətbiqi məsələləri, təhsil proqramların keyfiyyətinin yüksəldilməsi və davamlı olaraq nəzərdən keçirilməsi mexanizmləri, qeyd edilən keyfiyyət məsələlərində və həyata keçirilən daxili keyfiyyət təminatı proseslərində maraqlı tərəfdaşların iştirakı, onların əsas rolları və vəzifələrinin müəyyənləşdirilməsi, daxili və xarici informasiya təminatı və digər bir sıra prosedurlar da monitorinqlər zamanı xarici ekspertlər tərəfindən qiymətləndirilmişdir. Yekun olaraq “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” Erasmus+ layihəsinin həyata keçirildiyi 3 il müddətində layihənin ümumilikdə ali təhsil müəssislərinə verdiyi töhfələr, həyata keçirilən geniş miqyaslı tədbirlər, baş verən yeniliklər, layihə nəticəsində əldə edilən uğurlar və qarşıdan duran perspektivlər ekspertlər tərəfindən dinlənilmişdir.