Bakı Biznes Universitetində Strateji İnkişaf Planının gedişatına dair iclas keçirilib. İclasda universitetin rəhbərliyi, professor müəllim və tələbə heyəti nümayənədləri iştirak ediblər. Qeyd edilib ki, Bakı Biznes Universiteti əsas strateji hədəflərdə mühüm irəliləyişlər nümayiş etdirərək uğurlu nəticələr əldə edib. Planda qeyd olunan strateji məqsədlər təhsilin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin potensialının artırılması, infrastrukturun təkmilləşdirilməsi, texnoloji nailiyyətlərin mənimsənilməsi, sənaye əlaqələrinin gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı, özünüqiymətləndirmə proseslərinin təmin edilməsinə yönəlmiş fəaliyyətləri əhatə edib. Planın yerinə yetirildiyi 5 il müddətində illik fəaliyyət planları hazırlanmaqla həyata keçirilən fəaliyyətlərin icrasına mütəmadi nəzarət edilmişdir. Yekun nəzarət-hesabat proseslərindən sonra planın uğurla icrasının təmin edildiyi diqqətə çatdırılıb. Belə ki, Universitet təhsildə keyfiyyət təminatı siyasətinin hazırlanmasında və həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi isə xüsusilə vurğulanıb. Həmçinin Universitetdə müvafiq dövr ərzində professor-müəllim heyətinin potensialının gücləndirilməsində mühüm işlər görülüb, belə ki, bu istiqamətdə özünü inkişaf üzrə təlim proqramları, yeni tədris metodologiyalarının təkmilləşdirilməsi üzrə seminarlar akademik mükəmməlliyin təşviqində mühüm rol oynamışdır. BBU öz maddi-texniki bazasını zənginləşdirməyə və tələbə inkişafını dəstəkləmək üçün ən müasir imkanları təmin etməyə diqqət yetirmişdir. Universitet əmək bazarı ilə əlaqələri uğurla həyata keçirib, sənayenin müasir tələblərinə cavab verən məzunların hazırlanması və məşğulluğunun artırılması istiqamətində tərəfdaşlıqları daha da gücləndirmişdir. Bakı Biznes Universiteti beynəlxalq əlaqələrini da genişləndirmiş, beynəlxalq layihələrin koordinatoru olmuş, tələbələr və müəllimlərin beynəlxalq müstəvidə akademik fəaliyyətini daha da gücləndirmiş və yaxşılaşdırmışdır. BBU Strateji Planın icrası müddətində yüksək akademik standartlara riayət edilməsini və davamlı təkmilləşməni təmin edərək, özünütəhlil və qiymətləndirmə proseslərinə ciddi yanaşma nümayiş etdirmişdir.