Bakı Biznes Universitetində 3 may 2024-ci il tarixində keçirilən ‘‘Dinamik inkluziv və sosial ədalətə əsaslanan cəmiyyət sosial-iqtisadi inkişafın əsası kimi’’ mövzusunda Respublika elmi-praktik konfransını giriş sözü ilə açan universitetin ‘‘Humanitar elmlər kafedrası’’nın müdiri prof.Sabir Əmirxanov qonaqları salamladı və konfransın işində uğurlar arzuladı. O, müasir dövr və sosial işçi mədəniyyətinə aid məruzəsində bugünkü sosial işçilər qarşısında duran vəzifələrin yerinə yetirilməsi səviyyəsindən bəhs etdi.
ADMİU-nun professoru İlqar Hüseynov Azərbaycanın dinamik inkişafında hərbi vətənpərvərlik tərbiyəsinin yeri mövzusunda məruzə ilə çıxış edərək, təhsil müəssisələrinin bu istiqamətdəki rolundan danışdı. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun ‘‘Ümumi işlər’’ üzrə direktor müavini Namiq Abbasov sosial-iqtisadi inkişafın multikulturoloji aspektlərindən bəhs etdi və ölkədəki ali təhsil müəssisələrində multikulturalizmin tədrisinin əhəmiyyətini vurğuladı. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Rəşad Əsgərov Azərbaycanda inkluziv təhsil: problemlər və inkişaf perspektivləri haqqında çıxış edərək, bu istiqamətdə təhsil müəssisələrindəki yeniliklər haqqında danışdı. Bakı Biznes Universitetinin ‘‘Humanitar elmlər’’ kafedrasının müdir müavini Məhsəti Cəfərova ailə mühitində yaranan çətinliklərin aradan qaldırılması, Bakı Biznes Universitetinin dosenti Nigar Axundova Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında vandalizmə məruz qalan mədəniyyət abidələrinin Azərbaycan memarlıq üslubuna uyğun bərpası, ADMİU-nun müəllimi Rəhim Həsənov sosial-iqtisadi inkişaf strategiyasının formalaşmasının fəlsəfi aspektləri mövzularında çıxış edərək, Azərbaycanda bu istiqamətdə görülən işlər barədə konfrans iştirakçılarını məlumatlandırdılar.
Konfransda məruzələr ətrafında müzakirələr edildi, verilən suallar ətraflı şəkildə cavablandırıldı.