11 aprel 2023-cü il tarixində Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının möhtəşəm 100 illik yubileyinə həsr olunmuş “Ali təhsildə dayanıqlı inkişaf məqsədləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Konfransın məqsədi BMT tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinin ali təhsil müəssisələrinin fəaliyyətlərinə inteqrasiyası və bu istiqamətdə Avropa təcrübəsinin öyrənilməsindən ibarətdir. Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Yasamal rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin üzvləri, respublikamızın tanınmış iqtisadçı alimləri, Azərbaycan ali təhsil müəssisələrinin rektorları və prorektorları, o cümlədən Avropanın 5 ölkəsinin – İsveç, Portuqaliya, İspaniya, Estoniya və Polşanın aparıcı universitetlərinin məsul şəxsləri iştirak etmişlər.
Beynəlxalq elmi-praktik konfransda əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikası Dövlər Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov qonaqları salamladı və onların Bakı Biznes Universitetində keçirilən konfransda iştiraklarından məmnun olduğunu ifadə etdi. Rektor, tədbirin mühüm bir mövzuya – insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığının təmin edilməsinə yönəlmiş dayanıqlı inkişaf məqsədlərinə həsr edildiyini söylədi. Beynəlxalq konfransın aktual mövzuya həsr olunduğunu qeyd edən rektor bildirdi ki, dünyada gedən qloballaşma, rəqəmsallaşma prosesi bütün sahələrdə olduğu kimi təhsil sahəsində də dəyişiklik edilməsini tələb edir. Əgər XX əsrdə təhsilin qarşısında dayanan əsas məsələ oxumaq və öyrənmək idisə, XXI əsrdə bu, artıq kifayət etmir. Müasir çağırışlar ali təhsil sisteminin yeniliklərlə ayaqlaşmasını tələb edir: “Gəncləri gələcəyimiz kimi dəyərləndirən Ümummilli Lider bu fikri xüsusi qeyd edirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Müasir çağırışları nəzərə alaraq təhsil sisteminin fokuslanmalı olduğu sahələri dəqiq müəyyən etməliyik. Hesab edirəm ki, peşə bacarıqlarının aşılanması əsas məsələlərdən biri olmalıdır. Qlobal çağırışlar təhsilin qarşısında yeni vəzifələr qoyur. BMT-nin 2015-ci ildə qəbul etdiyi konsepsiyaya diqqəti cəlb etmək istəyirəm. Dayanıqlı inkişafın yeni konsepsiyasının 17 məqsədindən biri konkret olaraq təhsillə bağlıdır. Yəni, növbəti 15 ildə dünya müstəvisində hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömürboyu təhsil almağı dəstəkləmək bu məqsədlərdən biri olsa da, qalan 16 məqsədin böyük əksəriyyətinin həlli yolları bu və ya digər formada birbaşa və dolayısı ilə yenə də təhsildən keçir. Ali təhsildə dayanıqlı inkişaf hədəflərində hansı işləri və necə həyata keçirəcəyimizi dəqiq müəyyənləşdirməliyik. Bu baxımdan “Dayanıqlı inkişaf” üçün təhsil, tədris, təlim və yaxud öyrənmə və bacarıqların əldə edilməsi məqsədilə mövcud təhsil proqramları (kurrikulumlar) yenilənməli, təkmilləşməli, davamlı inkişaf məqsədləri və hədəflərinə inteqrasiya edilməlidir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsildə rəqabətqabiliyyətliliyin artırılması, eləcə də akademik heyətin potensialının gücləndirilməsi vacib amillər sırasındadır. Bu məqsədlə həyata keçirəcəyimiz dəyişikliklərin texnoloji xəritəsini hazırlamalıyıq”. Ali təhsil sistemi ilə bağlı çox vacib tədbirə ev sahibliyi etdiklərini qeyd edən rektor konfransın işinə uğurlar arzuladı.
Sonra Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxışında ölkəmizdə təhsilin normativ hüquqi bazasının təkmilləşdirildiyini, təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını qeyd etdi. Bildirdi ki, sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə yeni və daha münasib ixtisasa yiyələnməyə və səriştənin inkişafına tələbatı artırır. Təravət Muradova ölkəmizin hər yerində olduğu kimi, Yasamal rayonu ərazisində mövcud olan təhsil müəssisələrinin məqsədyönlü fəaliyyətləri sayəsində müasir təhsil infrastrukturu yaradıldığını qeyd edərək, Bakı Biznes Universitetinin hər zaman fəal olduğunu vurğuladı. Beynəlxalq konfransın vacib mövzuya həsr olunduğunu bildirən Təravət Muradova tələbələri daim öyrənməyə çağırdı.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli konfransın vacib mövzuya həsr edildiyini qeyd edərək, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində təhsilin əhəmiyyətli rol oynadığını bildirdi. O qeyd etdi ki, BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində çalışırlar.Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 dayanıqlı inkişaf məqsədlərini prioritetləşdirib. Bu məqsədlərə çatmaq üçün təhsilin, ali təhsil sisteminin müasir çağırışlara uyğun transformasiyası elementlərdən biridir. Bütün təhsil proqramları nəzərdən keçirilməli, dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılmalıdır. Azərbaycan 44 günlük İkinci Qarabağ savaşında tarixi qələbə əldə etdi. Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük miqyaslı işlər həyata keçirilir. Həmin ərazilərdə yaşıl enerjinin tətbiqi, ağıllı kənd və şəhərlər yaradılır. Təhsil proqramlarımız da bu yeniliklərə uyğunlaşmalıdır. Elm və Təhsil Nazirliyinin nüfuzlu universitetlərdən biri ilə yeni layihəyə başlayacağının anonsunu verən Nicat Məmmədli külək enerjisi, yaşıl enerji sahəsində mütəxəssislər hazırlanacağını qeyd etdi.
Daha sonra AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə “Qloballaşma şəraitində iqtisad elmi və onun tədrisinin aktual problemləri” mövzusunda geniş məruzə etdi. Ziyad Səmədzadə çıxışında qeyd etdi ki, qloballaşan dünyada fərqliliklər artır. Ona görə də təhsil proqramlarını hazırlayarkən müasir çağırışları mütləq nəzərə almalıyıq. İqtisadi biliklər ölkənin maraqlarına cavab verməlidir. Tarixi Qələbəmizdən sonra böyük quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış reallaşdırılır. Bu isə təhsilin, elmin qarşısında yeni vəzifələr qoyur. Müasir çağırışlar kontekstində iqtisad elmi hansı istiqamətdə inkişaf etməlidir? Qlobal düşünüb, lokal qərarlar verməliyik.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov beynəlxalq elmi-praktiki konfransın mövzusunun çox aktual olduğunu qeyd edərək bildirdi ki, dünyada gedən qloballaşma prosesləri qeyri-bərabərlikləri də artırıb. Dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün bəzi məsələləri aydınlaşdırmalıyıq. Biz nəyi öyrətməliyik və necə öyrətməliyik? Təhsil sistemini dəyişmək çox mürəkkəb prosesdir. Təhsilin məqsədi vətəndaş yetişdirməkdir. 44 günlük Vətən müharibəsi də sübut etdi ki, bizim Vətəni, torpağı sevən gənclərimiz yetişib. Gənclər orduya yazılmaq, Vətən uğrunda döyüşə getmək üçün hərbi komissarlıqların qarşısında növbəyə dayanmışdılar. Deməli, belə vətənpərvər gənclər yetişdirən təhsilin gələcəyi ilə bağlı nikbin olmaq olar.”
Konfransda İsveçin Kral Texnologiya İnstitutunun proqram koordinatoru Viktor Kordaş “Kral Texnologiya İnstitutunda dayanıqlı inkişaf məqsədləri” mövzusunda çıxış etdi. Onun sözlərinə görə dayanıqlı inkişaf məqsədlərinin qarşıya qoyulan hədəflərinə çatması üçün proses həm dövlət, həm də cəmiyyət tərəfindən dəstəklənməlidir. Dayanıqlı inkişaf hər kəs üçün vacibdir. İsveçdə tətbiq edilən 3 əsas fəaliyyət istiqaməti - təhsil, araşdırma və əməkdaşlıq – hər biri dayanıqlı inkişaf məqsədinə xidmət edir.
Daha sonra Portuqaliyanın Lissabon Universitetindən Ana Agante Lukas “Dayanıqlı inkişaf məqsədlərinin ali təhsilə inteqrasiyası”, İspaniyanın Kataloniya Politexnik Universitetindən Antonio Florensio Kalderon “Dayanıqlı inkişaf məqsədlərinin ali təhsildə rolu”, Estoniyanın Tallin Texnologiya Universitetindən Artyom Boyarçuk “Tallin Texnologiya Universitetində dayanıqlı inkişaf məqsədlərinin tətbiqi”, Polşanın WSG İqtisadiyyat Universitetindən Marek Bogusz “WSG İqtisadiyyat Universiteti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda geniş məzmunlu təqdimatlar edərək mövzu üzrə praktiki təcrübələrini bölüşdülər.