Bakı Biznes Universitetində beynəlxalq əməkdaşlıq çərçivəsində Budapeşt Metropolitan Universitetinin professoru Tímea Laboda tərəfindən müəllimlər və tələbələr üçün təlim və açıq dərs keçirilib.
Sentyabrın 16-da müəllimlər üçün təşkil olunan təlimdə müasir tədris və qiymətləndirmə metodları müzakirə olunub, praktiki yanaşmalar təqdim edilib. Ertəsi gün isə professor Laboda tələbələr üçün “Rəqəmsal marketinq” mövzusunda açıq dərs keçərək sosial media məzmununun hazırlanması, hekayəçilik üsulları, süni intellektin tətbiqi və yeni trendlərin kampaniyalarda istifadəsi barədə faydalı məlumat verib.
Səfər zamanı professor Laboda universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Gülşən Bayramova ilə görüşərək iki universitet arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.
Bu tədbirlər həm müəllimlər, həm də tələbələr üçün dəyərli təcrübə olub və universitetin beynəlxalq tərəfdaşlarla əməkdaşlığının inkişafına mühüm töhfə verib.