Bakı Biznes Universitetində Respublika elmi-praktiki konfrans keçirilib

2025-ci il oktyabrın 17-də Bakı Biznes Universitetinin “Ali riyaziyyat” kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasında və inkişafında riyazi modellərdən istifadə imkanları” mövzusunda Respublika elmi-praktiki konfrans keçirilmişdir.

Konfransın açılışında Bakı Biznes Universitetinin elmi işlər üzrə prorektoru, h.ü.f.d. Məleykə Abbasova çıxış edərək iştirakçıları salamlamış, tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır.

Daha sonra “Ali riyaziyyat” kafedrasının müdiri, r.ü.f.d., dosent Könül Ömərova “İqtisadiyyatın elmi əsasları riyaziyyatdan ibarətdir” fikrinə istinad edərək iqtisadiyyatın inkişafında riyazi modellərin mühüm rolundan bəhs etmişdir.

Konfransda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun “Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi” laboratoriyasının müdiri, r.e.d. İlqar Məmmədov, baş elmi işçisi, r.e.d. Anar Rəhimov, böyük elmi işçisi, t.ü.f.d. Arzu Həsənova, Bakı Dövlət Universitetinin professoru, r.e.d. Yeganə Əşrəfova, Azərbaycan Universitetinin “Riyaziyyat və informatika” kafedrasının müdiri, r.ü.f.d., dosent Rəşad Məstəliyev, eləcə də Azərbaycan Texniki Universitetindən r.ü.f.d. Ülviyyə Kərimova iştirak edərək elmi məruzələrini təqdim etmişlər.

Təqdim olunan məruzələr konfrans materialları toplusunda çap olunmuşdur.

Sonda dosent Könül Ömərova Bakı Biznes Universitetinin rektoru, i.e.d., professor İbad Abbasova yaradılmış şəraitə və göstərilən dəstəyə görə dərin təşəkkürünü bildirmişdir.