15 sentyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində təntənəli “Bilik günü” tədbiri keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov çıxış edərək tələbələri, valideynləri və professor-müəllim heyətini salamlamış, onları Bilik günü münasibətilə səmimi qəlbdən təbrik etmişdir. Rektor tələbələrə təbrikində qeyd edib ki, bu gün siz tələbəlik yoluna ilk addımınızı ataraq həyatınızda yeni bir səhifə açırsınız. Bu uğur illərlə göstərdiyiniz zəhmət və məqsədyönlü fəaliyyətin nəticəsidir. Bakı Biznes Universitetində sizi yalnız bilik deyil, həm də real iş dünyası ilə tanışlıq, müasir bacarıqlar, beynəlxalq təcrübələr, elmi fəaliyyətlər və zəngin tələbə həyatı gözləyir. Burada intellektual, sosial və fiziki inkişafınız üçün bütün şərait, o cümlədən müasir auditoriyalar, laboratoriyalar, kitabxana, idman zalları və tələbə təşkilatları mövcuddur. Bütün bunlar sizin intellektual, sosial və fiziki inkişafınız üçündür. Rektor sözlərinə əlavə edib ki, uğur qazanmaq üçün nizam-intizama riayət etməli, müəllimlərin tövsiyələrinə əməl etməli və yaradılan imkanlardan maksimum istifadə etməlisiniz. Universitet sizin üçün bələdçi rolunu oynayacaq, amma nəticə sizin zəhmətinizdən asılıdır.
Tədbirin davamında Universitetin rektoru və prorektorları yüksək balla qəbul olunan bir sıra tələbəyə tələbə biletləri və hədiyyələr təqdim etmiş, onlara təhsil həyatında yeni uğurlar arzulamışdır. Yekunda rektor tələbə adını qazanan gəncləri bir daha təbrik edərək səmimi arzularını çatdırmışdır.