Bakı Biznes Universiteti ilə Özbəkistan ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir

Bakı Biznes Universiteti son illərdə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrini gücləndirmək istiqamətində ardıcıl addımlar atır. Bu istiqamətdə ən mühüm strateji tərəfdaş ölkələrdən biri Özbəkistandır.

Son bir il ərzində Bakı Biznes Universiteti ilə Özbəkistanın nüfuzlu ali təhsil müəssisələri arasında bir sıra strateji əməkdaşlıq müqavilələri imzalanmışdır. Əməkdaşlıq çərçivəsinə daxil olan universitetlər arasında Səmərqənd Dövlət Universiteti, Daşkənd Dövlət İqtisad Universitetinin Səmərqənd filialı, Daşkənd İnformasiya Texnologiyaları Universiteti (TUIT), Özbəkistan Milli Universiteti, Turan Beynəlxalq UniversitetiFərqanə Dövlət Texnika Universiteti (FSTA) yer alır.

İmzalanmış müqavilələr əsasında müxtəlif istiqamətlər üzrə qısa və uzunmüddətli əməkdaşlıq fəaliyyətləri nəzərdə tutulur. İlk mərhələdə isə Daşkənd İnformasiya Texnologiyaları Universiteti (TUIT) ilə münasibətlər daha da intensiv xarakter daşıyır. Belə ki, 2025–2026-cı tədris ilinin payız semestrində Bakı Biznes Universitetinin Biznesin idarə edilməsi, MaliyyəMenecment ixtisaslarından seçilmiş 3 tələbə TUIT-də bir semestrlik təhsil almaq imkanı qazanmışdır.

Bu tələbə mübadiləsi proqramı iki universitet arasında akademik əlaqələrin möhkəmlənməsinə, bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcək. Gələcək mərhələlərdə isə birgə elmi layihələrin, startap təşəbbüslərinin və innovativ tədris proqramlarının həyata keçirilməsi planlaşdırılır.