Mayın 24-də Bakı Biznes Universitetində bu ali təhsil ocağının 30 illik yubiley tədbiri və bununla bağlı “Sosial-iqtisadi inkişafda qlobal meyllər, çağırışlar və imkanlar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi.
Tədbirlərdə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, Polşa Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri, Litva Respublikasının ölkəmizdəki səfirliyinin məsul şəxsləri, ölkəmizin tanınmış elm xadimləri və təhsil işçiləri, Bakı Biznes Universitetilə Türkiyədən, İngiltərədən, İspaniyadan, Fransadan, Polşadan, Litvadan, Belçikadan, Moldovadan, Gürcüstandan sıx tərəfdaşlıq edən tanınmış Avropa universitetlərinin rektorları, o cümlədən beynəlxalq təhsil təşkilatlarının nümayəndələri, ölkəmizin 20-yə yaxın ali təhsil müəssisələrinin rektorları, prorektorları, həmçinin yerli tərəfdaş müəssisələrin rəhbərləri iştirak etdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə BBU-nun 30 illik səmərəli fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildi.
BBU-nun rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov tədbiri giriş sözü ilə açaraq universitetin 30 illik fəaliyyətini geniş təhlil etdi, gələcək perspektivlərdən danışdı. Qeyd etdi ki, universitetimiz həm ölkə daxilində, həm də beynəlxalq aləmdə uğurlu inkişaf yolu keçərək müəyyən nailiyyətlər qazanıb: “Bu şərəfli yolda Azərbaycan dövlətinin və onun Prezidentinin, Elm və Təhsil Nazirliyinin, bizimlə əməkdaşlıq edən bir sıra yerli təşkilatların, xarici universitetlərin, Avropa Şurasının Erasmus ofisinin, yerli tərəfdaş universitetlərin əməyi vardır. Bu gün dünya elə bir inkişaf mərhələsindədir ki, qarşılıqlı münasibətlər, əlaqələr, inteqrasiya olmadan uğur qazanmaq mümkün deyildir. Bakı Biznes Universiteti də məhz bu münasibətlərin inkişaf xəttini seçmişdir.”
Rektor vurğuladı ki, XIX və XX əsrlərdən fərqli olaraq XXI əsrdə dünya təhsil sistemi və onun tərkib hissəsi olan Azərbaycanın bu sahədə qarşısında daha konkret, dəqiq və müasir hədəflər dayanır: “O hədəflərdən birincisi müasir inkişafa, texnologiyalara, rəqəmsallaşmaya, IV Sənaye İnqilabının digər nəticələrinə, həmçinin yeni trendlərə, beynəlxalq çağırışlara cavab verən peşə bacarıqlarına qısa zaman kəsiyində sahib olmaqdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, ölkəmizin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu, dünyanın yeni inkişafının, rəqabətliliyin tələbidir. Burada təbii ki, keyfiyyət, rəqabətlilik ön plandadır. Biz təhsil proqramlarını dəyişməliyik, yeni təlim texnologiyasını qurmalıyıq. Biz, həmçinin təlimin nəticələrinin ölçülə bilən meyarlarını işləyib hazırlamalı, texnoloji xəritəsini qurmalıyıq.”
Rektor bildirdi ki, hazırda dünya və Azərbaycan təhsil sisteminin ən müasir hədəfləri məhz bu məqsədlərdən ibarətdir. Bu hədəfləri fəth etmək üçün sağlam münasibətlər fonunda əməkdaşlıq, inteqrasiya və beynəlmiləlləşmə həlledici əhəmiyyət kəsb edir.
Çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini cənab İdris İsayev yubiley münasibəti ilə Bakı Biznes Universitetini nazirlik adından təbrik etdi. O, həmçinin elm və təhsil naziri Emin Əmrullayevin yubiley münasibətilə bu ali təhsil ocağına ünvanladığı təbrik məktubunu oxudu. Bildirildi ki, Bakı Biznes Universiteti 30 illik şərəfli inkişaf yolu keçmiş, öz işini zamanın çağırışlarına uyğun qurmuş, iqtisadi sahədə kadr hazırlığının həyata keçirilməsində fəal rol oynamış, ölkəmizdə iqtisad elminin inkişafına, intellektual potensialının möhkəmləndirilməsinə, dinamik iqtisadi inkişafın təmin edilməsinə dəyərli töhfələr vermişdir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ali təhsil ocağının kollektivini yubiley münasibətilə təbrik edərək yeni uğurlar, nailiyyətlər arzuladı.
E.Həsənov bildirdi ki, bu il yubileyini qeyd etdiyimiz Yasamal rayonunda yerləşən Bakı Biznes Universitetinin 30 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən elan edilmiş “Heydər Əliyev İli”nə təsadüf edir. Ulu Öndər Heydər Əliyev elm, təhsil sahəsinə həmişə böyük qayğı göstərirdi və söyləyirdi ki, təhsil hər bir millətin gələcəyidir. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi ilk vaxtdan – 1969-cu ildən təhsilə böyük diqqət və qayğı ilə yanaşıb.
E.Həsənov vurğuladı ki, bu illər ərzində Bakı Biznes Universiteti uğurlu yol keçib: “Bu təhsil ocağının tələbələri rayonumuzun ictimai-siyasi və sosial-iqtisadi həyatında həmişə fəal iştirak edir. Universitetin məzunları ölkəmizi müxtəlif qurumlarda uğurla təmsil edirlər. Bakı Biznes Universitetinin tələbələri və məzunları torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Onlardan 3 nəfər şəhidlik zirvəsinə ucalıb.
Çıxış edən Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə vurğuladı ki, Azərbaycan elm və təhsil sistemində böyük bir bayramın şahidi oluruq: “Tale belə gətirib ki, mənim rektor İbad Abbasovla dostluğumun çox zəngin bir tarixi var. 1990-cı illərin əvvəllərində biz Azərbaycan Televiziyasında ölkədə yeni iqtisadi sistemin qurulması, biznes mühitinin formalaşması, sahibkarlığın inkişafı ilə bağlı çoxsaylı verilişlərdə iştirak edirdik. 1993-cü ildə Azərbaycanda Bakı Biznes Universitetinin yaradılması ciddi bir hadisəyə çevrilmişdi. O zaman ölkədə bizneslə məşğul olanların sayı demək olar ki, yox dərəcəsində idi. Həmin dövrdə biz sahibkar sözünü işlətməkdə çətinlik çəkirdik. Bu baxımdan Bakı Biznes Universitetinin yaradılması tarixi hadisə oldu.”
Tədbirdə BBU-nun beynəlxalq əlaqələrinin inkişafına verdikləri töhfələrə və uzunmüddətli əməkdaşlıqlarına görə London Universitetinin professoru Corc Dafoulas, İsveçin Kral Texnologiya Universitetinin professoru Viktor Kordas və Litvanın Mikolas Romeris Universitetinin dosenti İnqa Juknite-Petreykiyene bu ali məktəbin Fəxri professoru adına layiq görüldü. Yubiley tədbiri çərçivəsində, Bakı Biznes Universiteti ilə təhsil, elmi-tədqiqat, beynəlxalq layihələr, ikili diplom və mübadilə proqramları çərçivəsində birgə səmərəli əməkdaşlıq edən bir sıra xarici ölkə universitetləri və təşkilatlarının təltifetmə mərasimi keçirildi. Təltifedilənlər öz təbriklərini və səmimi ürək sözlərini söylədilər. Bakı Biznes Universiteti ilə sıx əməkdaşlıq edən ümumilikdə 30-a yaxın yerli ali təhsil müəssisələri, dövlət qurumları və təşkilatlar da 30 illik yubileylə bağlı təltif edildilər.
Yubiley tədbirinin bədii hissəsində Xalq artistləri Fidan Hacıyeva, Simarə İmanova, digər incəsənət xadimləri və Universitetin bədii özfəaliyyət kollektivi musiqi töhfələrini təqdim etdilər.
Qısa fasilədən sonra “Sosial-iqtisadi inkişafda qlobal meyllər, çağırışlar və imkanlar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başladı. BBU ilə sıx əməkdaşlıq edən yerli və xarici universitetlərin nümayəndələri konfransın plenar iclaslarında məruzə və çıxışlar edərək elmi müzakirələr apardılar.