“Tələbəliyin ilk günü” devizi altında tədbir

Bakı Biznes Universitetində 14 sentyabr 2018-ci il tarixində “Bilik bayramı” çərçivəsində “Tələbəliyin ilk günü” devizi altında tədbir keçirilmişdir. Tədbirin məqsədi yuxarı kurs tələbələrinin ixtisaslara dərindən yiyələnmələri istiqamətində tövsiyələrin verilməsi və I kurs tələbələrinin universitetin fəaliyyəti ilə tanış edilməsindən ibarətdir.

Tədbirin ilkin mərhələsində I kurs tələbələrinə tələbə biletləri təqdim edildi və universitetin kafedraları, bölmələri, şöbələri və digər strukturları tərəfindən tədris fəaliyyəti, təlim-tərbiyə, beynəlxalq əlaqələr, həyata keçirilən layihələr, Universitet tərəfindən tələbə asudə vaxtının səmərəli təşkili, həyata keçirilən layihələr, intellektual bilik yarışlarının təşkili, idmanda qazanılan uğurlar və digər fəaliyyətlər haqqında maraqlı məlumatlar verildi.

Sonra konfrans zalında tədbir Universitetin rektoru i.e.d., prof. İ.M.Abbasovun çıxışı ilə davam etdirilmişdir. Universitetin bu günə qədər keçdiyi uğurlu fəaliyyət yolundan bəhs edən rektor, bir neçə il əvvəl planlaşdırılan strateji hədəflərə artıq mərhələ-mərhələ nail olunduğunu vurğuladı. Təhsil, tərbiyə, beynəlxalq əlaqələr, kadr hazırlığı məzunların işlə təmini sahələrində özünəməxsus ənənələrə malik Universitetdə uğurlar əldə edildiyi, Avropanın nüfuzlu universitetləri ilə birgə layihələrin icrası, həmin universitetlərlə tələbə mübadiləsi, ikili diplomlar haqqında razılıqların əldə edilməsindən də bəhs edildi. Eyni zamanda o, bütün bu proseslərdə yeni qəbul olunmuş I kurs tələbələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü nəzərə çatdırdı və onlara müvəffəqiyyətlər arzuladı.   

Tədbirdə Avropa ölkələrinin nüfuzlu Universitetlərində təhsil almış magistrantlar və doktorantlar da əldə etdikləri təcrübələr haqqında maraqlı məlumatlarla çıxış etdilər.

Tədbir prosesində tələbələr aldıqları tövsiyə, məsləhət və məlumatlardan xoş təəssüratlar əldə etdilər.