
12 fevral 2026-cı il tarixində Bakı Biznes Universitetində “Sosial iş” ixtisasının bakalavriat pilləsi üzrə təhsil proqramlarının yenilənməsinə həsr olunmuş geniştərkibli görüş keçirilmişdir. Tədbirin əsas məqsədi ali təhsil proqramlarının müasir əmək bazarının tələblərinə, beynəlxalq akademik standartlara və sosial sahədə baş verən aktual çağırışlara uyğunlaşdırılması olmuşdur. Görüşdə müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və sahə üzrə peşəkar mütəxəssislərin nümayəndələri iştirak etmişdir. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Məşğulluq Agentliyi, DOST Mərkəzi, Sosial Xidmətlər Agentliyi, Milli Observatoriya, Ümidli Gələcək Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası təmsil olunmuşdur:
Tədbiri giriş sözü ilə açan kafedra müdiri və “Sosial iş” ixtisası üzrə proqram rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhsəti Cəfərova sosial iş ixtisasının cəmiyyət üçün strateji əhəmiyyətini vurğulamışdır. O, qeyd etmişdir ki, sosial sahədə baş verən dinamik dəyişikliklər, həssas qruplarla işin mürəkkəbləşməsi və institusional xidmətlərin genişlənməsi ali təhsil proqramlarının daim yenilənməsini zəruri edir. Məhsəti Cəfərova proqramların hazırlanması və təkmilləşdirilməsi prosesində əmək bazarının real tələblərinin, tərəfdaş qurumların təcrübəsinin və beynəlxalq yanaşmaların nəzərə alınmasının vacibliyini xüsusi olaraq diqqətə çatdırmışdır.
Müzakirələr zamanı mövcud təhsil proqramlarının təhlili aparılmış, məzmunun zənginləşdirilməsi, yeni fənlərin və kompetensiyaların daxil edilməsi, praktik yönümlülüyün artırılması, eləcə də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflər səsləndirilmişdir. İştirakçılar sosial iş sahəsində peşəkar kadr hazırlığının gücləndirilməsi, təhsillə əmək bazarı arasında əlaqələrin möhkəmləndirilməsi və tələbələrin praktik bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar. Qeyd edilmişdir ki, proqramların yenilənməsi prosesi müvafiq maraqlı tərəflərin rəyləri və tövsiyələri əsasında davam etdiriləcək, nəticədə müasir çağırışlara cavab verən, praktik bacarıqlara əsaslanan və beynəlxalq standartlara uyğun təhsil modeli formalaşdırılacaqdır.
Bu təşəbbüs Bakı Biznes Universiteti ilə tərəfdaş qurumlar arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə və sosial sahədə ali təhsilin inkişafına mühüm töhfə verəcəkdir.