Bakı Biznes Universitetində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətinə dair dəyirmi masa keçirilib

Bakı Biznes Universitetində Ümumdünya Şəhərsalma Forumu WUF-13-ün (World Urban Forum) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə həsr olunmuş dəyirmi masa təşkil edilib. Tədbirin əsas məqsədi tələbələrə WUF-13 forumunun mahiyyəti, beynəlxalq əhəmiyyəti və Azərbaycanın bu nüfuzlu tədbirə ev sahibliyi etməsinin ölkəmiz üçün yaratdığı imkanlar barədə geniş məlumat vermək olub.

Dəyirmi masa universitetin Tələbələrlə iş üzrə prorektor Cavidan Heydarov çıxış edərək WUF-13-ün qlobal şəhərsalma və dayanıqlı inkişaf sahəsində aparıcı beynəlxalq platformalardan biri olduğunu vurğulayıb. O, forumun Azərbaycanda keçirilməsinin ölkənin beynəlxalq nüfuzunun artmasına, şəhərsalma sahəsində qabaqcıl təcrübələrin öyrənilməsinə, eləcə də gənclərin bu istiqamətdə maariflənməsinə mühüm töhfə verəcəyini qeyd edib. Çıxış zamanı C.Heydarov tələbələrin belə beynəlxalq miqyaslı tədbirlər haqqında məlumatlandırılmasının gələcək karyera inkişafı baxımından da vacib olduğunu bildirib və forumun ölkəmizdə keçirilməsinin strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Tədbir çərçivəsində iştirakçılara WUF-13-ə dair təqdimat videoçarxları nümayiş etdirilib. Videoçarxda forumun məqsədləri, əsas istiqamətləri, dünya ölkələrinin bu tədbirdə iştirakı və dayanıqlı şəhər inkişafına dair beynəlxalq çağırışlar barədə məlumatlar yer alıb. Dəyirmi masa tələbələrin marağına səbəb olub, sonda iştirakçıların sualları cavablandırılıb və forumun mövzusu ətrafında fikir mübadiləsi aparılıb.