Bakı Biznes Universitetinin nümayəndə heyəti Budapeşt Metropolitan Universitetində işgüzar səfərdə olub

2–5 fevral tarixlərində Bakı Biznes Universitetinin (BBU) professor-müəllim heyəti Macarıstanda yerləşən Budapeşt Metropolitan Universitetində (METU) işgüzar səfərdə olub.
Səfər çərçivəsində Dillər kafedrası, Humanitar elmlər kafedrası və İqtisadiyyat kafedrasını təmsil edən 15 nəfər müəllimin iştirakı ilə “Dilin tədrisində innovativ metodlar” mövzusunda peşəkar inkişaf təlimi təşkil edilib. Təlimdə Bakı Biznes Universitetinin Dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevil Qurbanova da iştirak edib. Təlim proqramı müasir pedaqoji metodologiyalar, interaktiv və tələbəyönümlü yanaşmalar, eləcə də rəqəmsal alətlərin dil tədrisində tətbiqini əhatə edib.
Praktiki sessiyalar zamanı iştirakçılar yeni metodları birbaşa tətbiq etməklə tədris bacarıqlarını təkmilləşdiriblər. Təlimin sonunda iştirakçılara beynəlxalq səviyyəli sertifikatlar təqdim olunub.
Akademik proqramla yanaşı, səfər çərçivəsində iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə rəsmi görüşlər keçirilib. Budapeşt Metropolitan Universitetinin rəhbərliyi ilə aparılan müzakirələrdə ikili diplom proqramlarının konseptual çərçivəsinin hazırlanması, birgə elmi-tədqiqat təşəbbüslərinin formalaşdırılması və akademik mübadilə mexanizmlərinin strukturlaşdırılması üzrə ilkin razılaşmalar əldə olunub.
Görüşlərin yekununda tərəflər yaxın dövr üçün konkret fəaliyyət planının hazırlanması, işçi qruplarının formalaşdırılması və növbəti mərhələdə qarşılıqlı səfərlərin təşkili barədə razılığa gəliblər.