
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Bakı Biznes Universitetində Qarabağ Təlim Mərkəzi ilə birgə gənclərlə görüş təşkil olunub. Tədbirin əsas məqsədi gənclərin şəxsi inkişafının dəstəklənməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi, ictimai fəallığın artırılması və milli-mənəvi dəyərlərə bağlılığın təşviq edilməsi olub. Görüş universitetin Tələbələrlə iş üzrə prorektoru Cavidan Heydarovun açılış nitqi ilə başlayıb. Prorektor çıxışında Azərbaycan gənclərinin ölkənin gələcəyində oynadığı mühüm rolu vurğulayaraq, onların intellektual inkişafının, milli şüurunun formalaşmasının və cəmiyyətin ictimai həyatında fəal iştirakının əhəmiyyətindən bəhs edib.
Tədbirdə Qarabağ Təlim Mərkəzinin rəhbəri Aytən Məmmədova çıxış edərək gənclərin sosial məsuliyyətinin artırılması, şəxsi bacarıqlarının inkişaf etdirilməsi və müasir çağırışlara uyğun olaraq öz üzərində davamlı işləməsinin vacibliyini qeyd edib. O, eyni zamanda Qarabağ Təlim Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verərək mərkəzdə həyata keçirilən təlim proqramları, təşkil olunan maarifləndirici layihələr, gənclərin inkişafına yönəlmiş seminar və praktiki məşğələlər, eləcə də təlim mərkəzinin göstərdiyi xidmətlər haqqında iştirakçıları məlumatlandırıb. Daha sonra universitetin psixoloqu təqdimatla çıxış edərək gənclərin şəxsi inkişafı, psixoloji dayanıqlılığı, motivasiya və özünüidarəetmə bacarıqları mövzusunda faydalı məlumatlar təqdim edib. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda universitetin sosial-ictimai həyatında fəallığı ilə seçilən bir sıra tələbələrə təşəkkürnamələr təqdim olunub. Çıxış edənlər gənclərin təşəbbüskarlığını və məsuliyyətini yüksək qiymətləndirərək onların universitetin gələcək inkişafında əsas hərəkətverici qüvvə olduğunu bildiriblər.