
Bakı Biznes Universitetində Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyətinin sədri, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyevlə görüş keçirilmişdir. Görüşdə Universitetin rəhbərliyi, professor-müəllim heyəti və gənc tədqiqatçılar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Universitetin rektoru i.e.d. professor İbad Abbasov Məsud Əfəndiyevi Bakı Biznes Universitetində görməkdən məmnun olduğunu qeyd etmişdir. Rektor Məsud Əfəndiyevin Almaniya hökümətinin təsis etdiyi “Aleksander Fon Humboldt” mükafatını alan ilk azərbaycanlı professor olduğunu da sözlərinə əlavə etmişdir. Daha sonra o, Universitetdə həyata keçirilən yeniliklər, tədris prosesində aparılan islahatlar və akademik mühitin inkişafı istiqamətində görülən işlər barədə məlumat vermişdir. Rektor çıxışında xüsusilə gənclərin təhsilinə, elmi fəaliyyətinə və şəxsi inkişafına göstərilən diqqətin Bakı Biznes Universitetinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır.
Görüş zamanı professor Məsud Əfəndiyev Bakı Biznes Universiteti haqqında xoş təəssüratlarını bölüşmüşdür. Əməkdar elm xadimi Universitetin maddi-texniki bazasının, o cümlədən kitabxanasının, tədris laboratoriyalarının, tədris auditoriyalarının, tələbə xidmət mərkəzlərinin müasir standartlara cavab verdiyini qeyd etmişdir. M.Əfəndiyev Bakı Biznes Universitetinin gənclərə verdiyi dəstəyin mühüm əhəmiyyət daşıdığını söyləmişdir. Daha sonra Məsud Əfəndiyev zəngin elmi fəaliyyəti, eləcə də beynəlxalq akademik mühitdə qazandığı təcrübələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. O, həmçinin belə tədbirlərin gələcəkdə də davamlı şəkildə keçirilməsinin vacibliyi vurğulanmış, bu cür görüşlərin gənclərin elmi və peşəkar inkişafına mühüm töhfə verdiyi qeyd etmişdir. Məsud Əfəndiyev Bakı Biznes Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində təkliflərini ifadə etmişdir. Tədbirin sonunda M.Əfəndiyev professor-müəllim heyəti və doktorantlar tərəfindən ünvanlanan sualları cavablandırmış və maraqlı fikir mübadiləsi aparılmışdır.