Bakı Biznes Universitetində “Böyük Qayıdışı uğurla həyata keçirən Lider!” mövzusunda tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bakı Biznes Universiteti və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Böyük Qayıdışı uğurla həyata keçirən Lider!” mövzusunda tədbir keçirilib. Bakı Biznes Universitetində baş tutan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rövşən Muradov, Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Bakı Biznes Universitetinin professor-müəllim heyəti, tələbə kontingenti və Partiya üzvləri iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə Universitetin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov tədbir iştirakçıalrını salamlayaraq ilk öncə “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməllər əsasında Prezident İlham Əliyev müstəqil Azərbaycanın misilsiz inkişaf yolunu müəyyənləşdirib. Böyük Qayıdış Azərbaycan dövlətçiliyinin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf xəttinin məntiqi davamıdır. Məhz  Ümummilli Lider Heydər Əliyev milli dövlət quruculuğunun əsaslarını yaradaraq torpaqlarımızın bərpasını tarixi məqsəd kimi formalaşdırdı. Bu siyasi və ideoloji xətt Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun şəkildə uğurla davam etdirildi. Hərbi-siyasi və diplomatik sahələrdə əldə olunan nailiyyətlər xalq-iqtidar-ordu birliyinin gücünü bütün dünyaya nümayiş etdirib. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə xalqımızın həmrəyliyinin təntənəsi idi. Bu Zəfər həm doğma torpaqların azad olunması, həm də dövlət suverenliyinin bərpasına gətirib çıxardı. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdışın reallığa çevrildiyini göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı layihələr burada həyatın yenidən canlanmasının təzahürüdür. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində azad torpaqlarda müasir infrastruktur qurulur, yeni yaşayış mühiti formalaşır. Həmin proses gələcək nəsillərə sabit və firavan həyat bəxş edəcəkdir. Tarixi torpaqlara qayıdış dövlət başçısının müdrik siyasətinin təntənəsidir. Sosial baxımdan Böyük Qayıdış insan ləyaqətinin bərpasıdır. Sakinlərin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi planlı və təhlükəsiz şəkildə həyata keçirilir. Müasir yaşayış kompleksləri, infrastrukturlar yüksək həyat və fəaliyyət standartlarına cavab verir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu proseslərdə humanitar və sosial istiqamətlərin əsas təminatçısıdır. Heydər Əliyev Fondu azad edilmiş ərazilərdə ardıcıl uğurlu şəkildə təhsil, mədəniyyət və sosial layihələr icra edir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rövşən Muradov isə Böyük Qayıdışa dair geniş məruzəsində bildirib ki, xalqımız keçən il “Konstitusiya və Suverenlik İli”ndə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyini və 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümünü möhtəşəm bayram günləri kimi qeyd etdi. Məlumdur ki, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbənin əldə edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, dövlət başçısı cənab İlham Əliyevin yenilməz siyasi, hərbi iradə və qətiyyəti, ordumuzun qəhrəmanlığı, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına mümkün oldu. Bununla da, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq və yüz minlərlə məcburi köçkünün əvvəlki yaşayış yerlərinə qaytarılması, əhalinin təhlükəsiz və ləyaqətli yaşayışının təmin edilməsi məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” cənab Prezident tərəfindən təsdiq edilmiş və onların reallaşdırılması ilə bağlı digər sərəncamlarla “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul edilmişdir.

Sözügedən strategiyanın həyata keçirilməsi üçün bugünədək dövlət büdcəsindən 7 mlrd. manat vəsait ayrılıb və nəzərdə tutulmuş tapşırıqlar təqribən 78 faiz səviyyəsində icra olunub.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın ümumi icra faizi təqribən 79 faizdir. Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur və cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri aparılır.

Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21,6 mlrd. manat vəsait ayrılıb. 2026-cı ildə isə bu rəqəm 3,5 mlrd. manat təşkil edəcəkdir.

Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25,1 milyard manatdan çox vəsait ayrılıb. Bu vəsaitlər əsasən, təhlükəsizlik tədbirlərinin görülməsinə, yaşayış məntəqələrinin salınmasına və sosial-iqtisadi və infrastruktur layihələrinin icrasına yönəldilmişdir ki, onların da iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir.

Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulubdur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpaolunan enerji mənbələri üzrə yüksək potensialı da nəzərə alınaraq bu ərazilərin yaşıl enerji zonası kimi inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib. Belə ki, indiyədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 38 su elektrik stansiyası, eyni zamanda, ərazilərin dayanıqlı su təminatının formalaşdırılması məqsədilə 4 su anbarı istifadəyə verilib. Elektrik enerjisi ilə fasiləsiz təminat üçün 14 yarımstansiya inşa edilib, 1000 kilometrdən artıq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib.

İşğaldan azad edilmiş ərazilərdə sənaye potensialının formalaşdırılması əsas hədəflərdən biri olduğuna görə, bu məqsədlə Ağdam və Cəbrayıl rayonlarında yaradılmış sənaye parkları xüsusi əhəmiyyət kəsb edir. Hazırda hər iki sənaye parkında 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb ki, bu da özəl sektorun azad edilmiş ərazilərə artan marağını və investisiya mühitinin institusional əsaslarının formalaşdığını göstərir.

Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatına yararlı torpaq sahəsi 610,5 min hektar, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 299,6 min hektar təşkil edir ki, bu da geniş əkin, biçənək və örüş sahələrinin mərhələli şəkildə istehsal dövriyyəsinə cəlb olunmasına imkan yaradır.

Qarabağda və Şərqi Zəngəzurda əhalinin rahat yaşayışının təmin edilməsi üçün təhsil və səhiyyə infrastrukturunun qurulmasına da ciddi diqqət göstərilir ki, bu məqsədlə də indiyədək 19 ümumi təhsil, 7 məktəbəqədər təhsil müəssisəsi, bölgədə ilk ali təhsil müəssisəsi olan Qarabağ Universiteti istifadəyə verilmişdir. Dövlət Proqramı çərçivəsində 1 rayon mərkəzi xəstəxanası, 6 ailə sağlamlıq mərkəzi, 7 tibb məntəqəsi, 3 modul tipli xəstəxana və 1 poliklinika olmaqla ümumilikdə, 18 səhiyyə obyektinin fəaliyyəti tam təmin edilib.

Əhalinin geri qayıdışının və işğaldan azad edilmiş ərazilərə inteqrasiyasının təmin edilməsi çərçivəsində bu günədək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 36 yaşayış məntəqəsi (7 şəhər (Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl, Kəlbəcər, Ağdam), 3 qəsəbə (Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbəsi və Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi) və 26 kənd) üzrə 6597 ailə olmaqla 26 351 nəfərin köçü təmin edilmişdir. Görülən işlərin nəticəsi olaraq hazırda Qarabağda və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışanlar, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 70 mindən çox insan yaşayır və fəaliyyət göstərirlər.

Bu günədək işğaldan azad edilmiş ərazilərdə 249,872.6 ha ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmişdir.

İşğaldan azad edilmiş ərazilərdə ümumi dəyəri 454 milyon manat olan layihələr çərçivəsində indiyədək 185 milyon manat həcmində investisiya yatırılıb və sənaye parklarında fəaliyyət göstərən rezidentlər isə 900 milyon manatdan artıq məhsul istehsal etmişlər və nəticədə, 2020–2024-cü illərdə işğaldan azad olunmuş ərazilərdə 5000-ə qədər yeni iş yerləri yaradılmışdır.

2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub və Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020–2025-ci illərdə-dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsil tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) məhz 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı isə Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir.

Bununla belə 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə Dövlət Proqramı çərçivəsində 91 yaşayış məntəqəsi (11 şəhər, 3 qəsəbə, 77 kənd) üzrə 23 275 ailə olmaqla 95 900 nəfərin köçürülməsi üçün 41,9 milyon manat vəsait proqnozlaşdırılır. Məlumata görə, proqram çərçivəsində bu ərazilərdə fəaliyyət göstərən, neft-qaz sahələrində fəaliyyəti olmayan qeyri-dövlət sektorunda çalışan sığortaolunanların məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsi hesabına subsidiyalaşdırılması üçün 5 milyon manat da nəzərdə tutulub. Bundan əlavə, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə aylıq ödənişlərin 20 faizi həcmində maliyyə yardımının verilməsi üçün 2 milyon manat vəsaitin ayrılması da planlaşdırılır.

Beləliklə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, son illərdə əldə olunmuş sosial-iqtisadi nailiyyətlərin davamlı inkişafının təmin edilməsi, birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, əlverişli biznes mühitinin daha da gücləndirilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun artırılması, eləcə də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncam təsdiq olunmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı tarixən azadlıq və ədalət uğrunda mübarizə aparıb və həmin mübarizənin zirvəsi olan Zəfərin beşinci ildönümünü yaşayır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun inkişaf etdirilib. Bu siyasət nəticəsində ölkəmiz iqtisadi, hərbi və diplomatik sahələrdə böyük nailiyyətlərə imza atıb. Vətən müharibəsində qazanılan tarixi Qələbə bu uğurların məntiqi nəticəsi idi. Azad edilən torpaqlarda həyata keçirilən Böyük Qayıdış Proqramı xalqın doğma yurda dönüş sevincini reallaşdırır. Böyük Qayıdış müasir Azərbaycanın siyasi, sosial və ideoloji inkişaf konsepsiyasının mərkəzində dayanır. Bu konsepsiyanın təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi güclü dövlətçilik fəlsəfəsi dayanır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın gələcək inkişafını ərazi bütövlüyünün bərpası ilə birbaşa əlaqələndirmişdi. Prezident İlham Əliyev bu tarixi missiyanı qətiyyətlə həyata keçirən Lider kimi çıxış etdi. Onun rəhbərliyi ilə Azərbaycan regional və beynəlxalq miqyasda yeni siyasi reallıqlar yaratdı. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sistemli və mərhələli şəkildə aparılır. İqtisadi baxımdan bu ərazilər yeni inkişaf zonaları kimi formalaşdırılır. Nəqliyyat-logistika və yaşıl enerji layihələri uzunmüddətli iqtisadi dayanıqlığı təmin edir. Bu torpaqlarda tikilən məktəblər, xəstəxanalar, yollar və yaşayış məntəqələri dövlətin bərpa-quruculuq iradəsini nümayiş etdirir.Sosial sahədə Böyük Qayıdış vətəndaş rifahına əsaslanır. Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı sosial ədalətin bərpasıdır. Təhsil, səhiyyə və məşğulluq imkanları paralel şəkildə yaradılır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva sosial layihələrin icrasında mühüm rol oynayır. Heydər Əliyev Fondunun təşəbbüsləri sosial, humanitar bərpanın əsas dayaqlarındandır. İdeoloji baxımdan Böyük Qayıdış milli birliyin möhkəmlənməsidir. Bu siyasət Azərbaycanın gələcək inkişafının möhkəm əsaslarını formalaşdırır. Bu proses xalqın birliyini, dövlətə inamını və Vətən sevgisini daha da gücləndirir. Qayıdış prosesi həm milli qürurun, həm də suveren dövlətçiliyin təntənəsidir.

Sonda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Böyük Qayıdış Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələni təşkil edir. Bu mərhələnin ideoloji və siyasi əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyası milli maraqların qorunmasına və tarixi ədalətin bərpasına xidmət edirdi. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasi xətt və Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində uzun illər arzuladığı müqəddəs qayıdışa nail olub. 30 ilə yaxın müddətdə düşmən işğalı altında qalan torpaqların azadlığı uğrunda mübarizə xalqımızın əzmini, birliyini və dövlətə sədaqətini nümayiş etdirib. Qazanılan Zəfər və suverenliyin tam təmin olunması yalnız hərbi deyil, eyni zamanda tarixi ədalətin təntənəsidir. Bu böyük uğurun təməlində Ulu Öndər Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin uğurlu siyasəti və müasir ordu quruculuğu dayanır. Qalib Azərbaycan postmünaqişə dövründə inkişaf, quruculuq mərhələsinə qədəm qoydu, Qarabağ və Şərqi Zəngəzur Böyük Qayıdışın əsas mərkəzlərinə çevrildi. Bu ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətin iqtisadi potensialını nümayiş etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan Böyük Qayıdış Proqramı azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını təmin edir. Şəhər və kəndlərin yenidən qurulması, müasir infrastruktur və yaşıl enerji layihələri Azərbaycanın inkişaf yolunun bariz nümunəsidir. Tarixi torpaqlara qayıdış milli kimliyin bərpası və dövlətin qüdrətinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri, bərpa quruculuq işləri ilə yaxından tanış olması, bir sıra açılışları etməsi, sakinlərlə görüşməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu gün artıq azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılıb. Azərbaycan dövlətinin siyasəti qaranlıqdan doğan günəş tək hərarəti ilə Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs verir. Qeyd olunub ki, sosial aspektdə Böyük Qayıdış prosesi sakinlərin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi təhlükəsizlik və davamlılıq prinsiplərinə əsaslanır. Yeni yaşayış məntəqələri müasir şəhərsalma standartlarına uyğun inşa edilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Böyük Qayıdış prosesində görülən titanik işlərin koordinasiyası və həyata keçirilməsində mühüm rol oynayır. Fond bundan əlavə azad edilmiş ərazilərdə mədəni irsin və sosial obyektlərin bərpasına xüsusi töhfələr verir. İdeoloji baxımdan Böyük Qayıdış milli ruhun və tarixi yaddaşın dirçəlişidir. Bu proses Lider–xalq birliyinin və güclü dövlət modelinin parlaq təzahürüdür.

Tədbirdə cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına dəstək olaraq, eyni zamanda Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasovun təklifi ilə ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Biznes Universitetinin könüllü tələbələrindən ibarət tələbə-inşaat dəstələrinin yaradılması və həmin dəstələrin yay tətili müddətində işğaldan azad olunmuş torpaqlarda müxtəlif bərpa-quruculuq işlərinə cəlb edilməsi layihəsinin həyata keçirilməsi qərara alınmışdır.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının Himni səslənidirlib, xatirə şəkli çəkdirilib.