05 may 2015-ci il tarixində Bakı Biznes Universitetində Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “İnvestisiya qoyuluşlarının siyasi aspektləri və iqtisadi səmərəliliyi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Respublikamızın görkəmli iqtisadçı-alimləri, tədqiqatçı-mütəxəssisləri və bir sıra xarici ölkələrin ali təhsil müəssisələrindən gəlmiş alimlər maraqlı çıxışları ilə iştirak etmişlər.
Konfransda alimlərin və qonaqların apardıqları müzakirələrdə vurğulandı ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasətin tərkib hissəsi olan investisiya siyasətinin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Respublikamıza yatırılan investisiyaların böyük iqtisadi səmərəsi olmuşdur. Hazırkı dövrə qədər Respublikamıza 199 milyard dollar investisiya yatırılmışdır. Onlardan 52,5%-i daxili investisiya, 47,5%-i isə xarici investisiya olmuşdur. Ümumilikdə yatırılan investisiyaların 64%-i qeyri-neft sektoru, 36%-i isə neft sektoruna aiddir. Qeyd olunmuşdur ki, daxili investisiyaların 85,6%-i qeyri-neft sektoruna yönəldilmişdir. Bunun nəticəsində də ölkəmizdə minlərlə istehsal obyektləri və yüz minlərlə yeni iş yerləri yaradılmışdır. Təkcə son 5 ildə daxili və xarici investisiya qoyuluşları hesabına Respublikamızda 600 minə qədər yeni iş yerləri açılmış və onlardan 450 mindən çoxu daimi iş yerləridir. Yalnız 2014-cü ildə ölkəmizdə 230 sənaye müəssisəsi yaradılmış və 123 min yeni iş yerləri açılmışdır.
Fərəhlə qeyd olunmuşdur ki, ölkəmiz indi investisiya qəbul edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilmişdir. Respublikamızda investisiya qoyuluşlarının siyasi və beynəlxalq aspektlərinə toxunan məruzəçilər qeyd etdilər ki, Azərbaycana qoyulan iri həcmli investisiyalar onun beynəlxalq arenada çəkisini artırmış, Qafqazda təhlükəsizliyə zəmin yaratmışdır.
Azərbaycan beynəlxalq aləmə sübut etmişdir ki, o öz sərvətlərinin sahibidir və onları öz istədiyi kimi realizə etmək qabiliyyətinə malikdir. Ölkədə investisiya mühiti zəngindir və investisiya qoyuluşlarına heç bir təhlükə yoxdur.