Ənənəvi olaraq bu tədris ilində də, yəni 29 may 2015-ci il tarixdə Bakı Biznes Universitetində təntənəli şəkildə “Məzun Günü” qeyd olunmuşdur. “Məzun – 2015” buraxılış günü proqramı çərçivəsində həmin gün saat 09:00-dan 12:00-a qədər Universitetdə tələbə-məzunların əmək bazarına inteqrasiyası istiqamətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Bakı Şəhər Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil edilmişdir. Yarmarkada iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov məşğulluq mərkəzlərinin təqdim etdikləri iş yerləri ilə maraqlanmış, onlara lazımi tövsiyələrini vermişdir. Yarmarkada Bakı Şəhərinin Rayonlarının Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq edən 70-ə qədər müəssisə və təşkilatlar tərəfindən 400-dən artıq vakant iş yeri təqdim edilmişdir.
Həmin gün saat 13:00-dan “Məzun – 2015” proqramı çərçivəsində tədbiri giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açmışdır. O, tələbə-məzunları, valideynləri, bu il magistraturaya qəbul olunan bakalavrları, əvvəlki illərdə Universiteti bitirmiş məzunları və qonaqları salamlamış, bu möhtəşəm bayram münasibətilə öz təbriklərini çatdırmışdır. Daha sonra Universiteti bitirmiş tələbələrə və magistraturaya yüksək ballarla qəbul olunmuş bakalavrlara təntənəli şəkildə hədiyyələr təqdim edilmişdir. Həmçinin, 2015/2016-cı tədris ili müddətində Avropa Şurasının Erasmus Mundus Effort proqramı ilə Avropa universitetlərində elmi-tədqiqat işi aparacaq bir qrup müəllimə, Avropanın aparıcı universitetlərində təhsil alacaq magistr və bakalavrlara dəvət məktubları təqdim edilmişdir.
Tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin və Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə möhtəşəm konsert proqramı olmuşdur.