05 may 2016-cı il tarixində Bakı Biznes Universitetinin konfrans zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Dünya iqtisadiyyatı və Azərbaycanda turizmin inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda bir sıra xarici ölkələrin tanınmış universitetlərinin nüfuzlu nümayəndələri, həmçinin Respublikamızın görkəmli iqtisadçı-alimləri, tədqiqatçı-mütəxəssisləri və siyasi xadimləri maraqlı çıxışları ilə iştirak etmişlər.
Konfransda alimlərin və qonaqların məruzə və çıxışlarında bir sıra məsələlərdən bəhs edildi, o cümlədən Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən, Azərbaycan Respublikasının dövləti və dövlətçiliyində onun xidmətlərindən, müstəqil Azərbaycanın bugünkü iqtisadi durumunda onun qoyduğu strateji xətdən və bu siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən əldə edilən nəticələrdən, nailiyyətlərdən və uğurlardan söhbət açıldı. Eyni zamanda Azərbaycan müstəqil dövlət olaraq dünya iqtisadiyyatına inteqrasiya etdiyi üçün dünya müstəvisində iqtisadi proseslər, nəticələr və perspektivlər haqqında münasibət bildirildi. Müstəqil Azərbaycan üçün bu gün aktual olan Azərbaycanda turizmin inkişaf istiqamətləri, potensial imkanları, bu sahədə qarşıda duran hədəflər və onların həlli yolları haqqında diskussiyalar aparıldı.