Sentyabrın 15-də Bakı Biznes Universitetinin akt zalında ənənəvi olaraq yeni – 2016/2017-ci tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Universitetin professor-müəllim heyəti, bu il tələbə adını qazanan bakalavriat və magistrantlar iştirak etmişlər. Toplantını Universitetin rektoru, i.e.d., prof. İbad Abbasov giriş sözü ilə açaraq tədbir iştirakçılarını yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. O, eyni zamanda, Universitetimizin fəaliyyəti, əldə etdiyi nailiyyətlər və perspektivdə duran məsələlərlə bağlı çıxış etmişdir. Daha sonra Universitetə yüksək ballarla qəbul olmuş bakalavriat və magistrantlara tələbə biletləri və hədiyyələr təqdim edilmişdir. Tədbir fakültə dekanlarının çıxışları ilə başa çatmışdır.