02 may 2017-ci il tarixində Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku Bakı Biznes Universitetinin qonağı olmuşdur. Universitetin rəhbərliyi ilə keçirilən görüş zamanı ölkələrimiz arasında olan dostluq münasibətlərindən söz açılmış, xüsusi ilə təhsil və elm sahəsində əməkdaşlıq üçün yüksək potensialın olduğu qeyd edilmişdir. Cənab səfirə Bakı Biznes Universiteti ilə Rumıniyanın ən böyük dövlət universiteti olan Babeş-Bolyai Universiteti arasında əməkdaşlıq barədə bildirilmiş, Universitetin qarşısında duran strateji planlar barədə məlumatlar çatdırılmışdır. Hər iki tərəf elm və təhsil sahəsində gələcək münasibətlərin daha da genişlənməsinə çalışacaqlarını ifadə etmişlər. Görüşdən sonra Rumıniyanın səfiri Bakı Biznes Universitetinin maddi-texniki bazası və auditoriyaları ilə yaxından tanış olmuş və bu səfərin onda müsbət təəssüratlar oyatdığını qeyd etmişdir.