Məzun - 2017

30 iyun 2017-ci il tarixində Bakı Biznes Universitetində təntənəli şəkildə “Məzun Günü” qeyd olunmuşdur. “Məzun – 2017” proqramı çərçivəsində tədbiri giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açmışdır. O, tələbə-məzunları, valideynləri, bu il magistraturaya qəbul olunan bakalavrları, əvvəlki illərdə Universiteti bitirmiş məzunları və qonaqları salamlamış, bu möhtəşəm bayram münasibətilə öz təbriklərini çatdırmışdır. Həmçinin, 2017/2018-ci tədris ili müddətində Avropa Şurasının Erasmus+ proqramı ilə Avropanın nüfuzlu universitetlərində elmi-tədqiqat işi aparacaq bir qrup doktoranta, Avropanın aparıcı universitetlərində təhsil alacaq  magistr və bakalavrlara dəvət məktubları təqdim edilmişdir.

Tədbir çərçivəsində Universitetdə tələbə-məzunların əmək bazarına inteqrasiyası istiqamətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Bakı Şəhər Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil edilmişdir. Yarmarkada  iştirak edən tələbələr və məzunlar yarmarkada  təqdim edilən iş yerləri ilə maraqlanmış, müvafiq sənədləri təqdim etmişlər.

Tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin və Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə möhtəşəm bayram konserti olmuşdur.